Aleksandra Zuyeva, Sputnik Azərbaycan
BAKI, 5 avqust — Sputnik. Fars körfəzi üzərində peyda olan Amerika eskadrilyası İranla müharibəyə hazırlıq əlaməti olmayan hərbi əməliyyatlar səhnəsinin öyrənilməsi ilə məşğuldur. Bunu Sputnik Azərbaycan-a şəqrşünas İqor Pankratenko deyib.
Bu günlərdə Amerikanın "The Drive" onlayn nəşri xəbər verib ki, Fars körfəzi üzərində yüksək dəqiqliyə malik silahlarla təchiz edilmiş Amerika qırıcıları - "F-15E Strike Eagles"-lar keşik çəkir. Qeyd olunur ki, onlar regionda İranın neft tankerinə hücumları fonunda peyda olub və bölgədəki yük daşımalarına mane ola biləcək kiçik İran gəmilərinin kütləvi şəkildə məhv edilməsi üçün göndərilib.
Pankratenko qeyd edib ki, "The Drive"-ın məqaləsində hər şey yazılıb, lakin bir əhəmiyyətli nüans buraxılıb: baş verən hər şey təlimlərlə əlaqədardır. Mütəxəssisin izahatına görə, əgər hansısa hərbi bölmələr bir bölgəyə təşrif buyurursa, onlar taktiki kəşfiyyat təlimi keçməli, hərbi əməliyyat səhnəsi təşkil edərək kəşfiyyat işləri aparmalıdırlar.
"Bu, sabah müharibənin olub-olmayacağından asılı olmayaraq baş verir", - ekspert deyib.
Hazırda sözügedən məqalədə adı çəkilən eskadrilya hərbi əməliyyatlar səhnəsinin öyrənilməsi ilə məşğuldur. Bu isə İranla müharibəyə hazırlığın əlaməti deyil, zərbə endirmək üçün bir məşqdir.
Sputnik Azərbaycan-ın həmsöhbətinin fikrincə, bu, nəinki təkcə təlimdir, həm də Amerika silahlı qüvvələrinin imkanlarını Tehrana nümayiş etdirmək məqsədi daşıyır ki, əgər İran tərəfi "həddini aşsa", Birləşmiş Ştatlar Hörmüz Boğazını ciddi şəkildə təmizləməyə başlayacaq.
Tehranın hərəkətlərinə gəlincə, Pankratenko deyib ki, bu ərəfədə İran tərəfinin qaçaqmalçılıq yolu ilə dizel yanacağı daşıyan İraq tankerini saxlaması çox diqqətçəkən məqamdır.
"Həmin tanker saxlanandan dərhal sonra İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandanlığı bəyan edib ki, bu insidenti vəziyyəti gərginləşdirmək cəhdi kimi qəbul etmək lazım deyil. Qaçaqmalçılıq və ona himayədarlıq edən korrupsiya bürokratiyasına qarşı mübarizə sırf İranın tarixi vəzifəsidir və buna görə də komandanlıq "uşaqlar, xahiş edirik, kəskin reaksiya verməyin" eyhamını vurub, - deyə şərqşünas əlavə edib.
"İran mövcud "qırmızı xətti" yaxşı görür. Hazırda onun bu xətti keçməkdə və onsuz da ağır olan vəziyyəti daha da ağırlaşdırmaqda heç bir marağı yoxdur", - ekspert belə hesab eləyir.
Sputnik Azərbaycan-ın həmsöhbətinin fikrincə, hazırda iranlılarla amerikalılar arasında "sülh, dostluq, uşaq başı aldatmaq" vəziyyəti hökm sürür, amma bunun nə qədər belə davam edəcəyini heç kəs deyə bilməz. Hələlik mövcud status-kvo qorunub saxlanılır və yaxşı olardı ki, bu, uzun müddət davam etsin. Ən azından, indi amerikalılarla İran tərəfi arasında danışıqlar gedir. Vəziyyətin ağırlaşmadan beləcə davam etməsi arzuolunandır.