Nigar İsgəndərova, Sputnik Azərbaycan
BAKI, 5 avqust — Sputnik. Bu gün səhər saatlarında Abşeron rayonunun Saray qəsəbəsinin bir hissəsinə elektrik enerjisinin verilişində 10 dəqiqəyədək fasilə yaranıb.
"Azərişıq" Açıq Səhmdar Cəmiyyətindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, hadisəyə qəsəbə sakini olan azyaşlının uçurduğu çərpələng səbəb olub. Belə ki, çərpələngin yüksək gərginlikli elektrik xətti ilə toqquşması elektrik enerjisinin verilişində fasilə yaradıb.
Son nəticədə "Saray 3" yüksək gərginlikli xəttinin ərazisinə düşən evlərdə işıqlar sönüb.
Qurumun mətbuat katibi Tanrıverdi Mustafayevin sözlərinə görə, artıq qəsəbədə işığın verilişi bərpa olunub və problem aradan qalxıb.