CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şeyx Şamilin adını daşıyan qaladan Azərbaycan bayrağı götürülüb

© Sputnik / Shahperi Abbasova İlisu kəndindəki Şamil qalası
 İlisu kəndindəki Şamil qalası - Sputnik Azərbaycan
Abunə olmaq
Şeyx Şamilin türk olub-olmaması ilə bağlı mübahisəyə tarixçi nöqtə qoydu

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 31 iyul — Sputnik. Onu əfsanəvi qəhrəman kimi, 25 il böyük bir imperiyaya - Rusiya imperiyasına qarşı mübarizəyə rəhbərlik edən adam kimi, müridlik hərəkatının davamçısı kimi tanıyırıq. Həm dini, həm də elmi baxımdan savadlı olan bu insan 12 yaşından təhsilə başlayıb, ərəb və başqa dilləri, dini elmi, fəlsəfəni öyrənib. Bəzi mənbələrdə onu dağlı kimi, dağlarda böyüyən kimi qələmə veriblər. Söhbət Qafqaz xalqlarının milli qəhrəmanı Şeyx Şamildən gedir. Son zamanlar "Qafqaz qartalı"nı Azərbaycanla doğmalaşdıran iki abidə ətrafında cərəyan edən hadisələr Sputnik Azərbaycan-ı Şeyx Şamil mövzusuna qayıtmağa vadar edib. Söhbət Şamilin müridi Hacı Muradın qalıqlarının Qax rayonunun Tanqıt kəndindəki məzarından "oğurlanması"ndan və İlisu kəndindəki Şamil qalasından Azərbaycan bayrağının götürülməsindən gedir.

© Sputnik / Shahperi AbbasovaŞeyx Şamilin adını daşıyan qala
Şeyx Şamilin adını daşıyan qaladan Azərbaycan bayrağı götürülüb - Sputnik Azərbaycan
Şeyx Şamilin adını daşıyan qala

Tarixçi Məcid Mehrani tarixi şəxsiyyət haqqında bəzi faktları Sputnik Azərbaycan-a danışıb. Mehrani deyib ki, dağlarda böyüdüyünə görə Şeyx Şamili savadsız kimi qələmə veriblər. Lakin o, savadlı şəxsiyyət olub. O dövrdə imamət (müəyyən bir ərazinin dini şəxs tərəfindən idarə olunması) yaranıb və onun rəhbərliyinə keçən Şamil Rusiya imperiyasının müstəmləkəçilik siyasətinə qarşı mübarizə aparmağa başlayıb. O, bu mübarizədə dağlı xalqları bir yerə toplaya bilib. Onun qüvvəsi, bacarığı ondan ibarət olub ki, bütün xalqları - çeçenləri, avarları, saxurları, türkləri, kumukları, bir sözlə, bütün Şimali Qafqaz xalqlarını, hətta azərbaycanlıların bir qismini yumruq kimi birləşdirə bilib. Bu xalqların nümayəndələri Şeyx Şamillə birləşərək onun ideyaları uğrunda vuruşublar. Bunun üçün təkcə fiziki qüvvə yox, həm də savad, siyasət lazım idi.

Zaqatalanın mərkəzindəki Rus-Provoslav Kilsəsi - Sputnik Azərbaycan
CƏMİYYƏT
Şimal-qərb bölgəsindəki bu abidələr dağılır - SOS

Çoxsaylı qələbələri kimi məğlubiyyətləri də olub. Tarixi mənbələrdə qeyd olunur ki, o, on min rus qoşununa qarşı üç minlik qoşunla vuruşaraq qalib gəlib. Bu döyüşləri apara-apara, öz naiblərini yetişdirə-yetişdirə, naiblərinə güvənərək döyüşə onlarla birlikdə atılırdı. Həmsöhbətimiz Şeyx Şamilin Çingiz xanla oxşar olan cəhətlərini də qeyd edib:

"Ruslar həmişə dağlı millətlərin xarakterini, psixologiyasını bilərək hərəkət ediblər. Ona görə də nələrsə (vəzifə, rütbə və s.) söz verərək dağlıları satın alırdılar. Belə şəxslər arasında Şamilin yaxın silahdaşları da olub. Lakin sonradan ona xəyanət edən naiblər peşman olaraq Şamilin yanına qayıdırdılar. O da həmin naibləri bağışlayırdı. İnsan adətən ondan itaət tələb edəni deyil, onu bağışlamağı bacaran başçını sevir. Bu xüsusiyyət Çingizxanda da olub - ədalətli yanaşmaq, bağışlaya bilmək və s. Şamilin böyüklüyü, adilliyi onda idi ki, naiblərinin belə hərəkətini görəndə bunun xəyanət deyil, sadəcə, onun mövqeyini səhv hesab etmələrinin nəticəsi olduğunu başa düşürdü. O, özünün döyüşlərdəki müşahidələrindən belə nəticə çıxarırdı ki, mövqeyi səhvdir, imperiyaya qarşı vuruşmaq düzgün deyil, bəlkə də bununla dağlıları daha da pis vəziyyətdə qoyur".

O, 25 il ərzində - 1834-cü ildən 1859-cu ilə qədər vuruşub, Dağıstanda, Qunibdə olan döyüşdən sonra əsir düşüb. Mehraninin sözlərinə görə, Şamilin milliyyəti haqqında mübahisəli məqamlar var. Bəziləri onun milliyyətcə avar, bəziləri də türk olduğunu söyləyirlər. Əslində, avarlar özləri də türk qolundan olublar. Rusiya imperiyasının "parçala, hökm sür" siyasəti nəticəsində onlar vahid türk xalqı olaraq birləşə bilməyiblər.

"Hətta avarlar və saxurların dilində işlədilən türk sözləri, bəlkə də, bizim dilimizdəkindən çoxdur. Ümumilikdə götürəndə isə Şamil sadəcə bir toplumun təmsilçisi, dağlıların lideri deyildi, o, bir şəxsiyyət, sərkərdə idi, öz xalqını sevirdi və onun azadlığı uğrunda vuruşurdu. Şamil kiminsə qulu, nökəri kimi yaşamaq, başqalarınını əmrlərinə boyun əymək istəmirdi. Azad yaşadığı hər günü özü üçün qiymətli hesab edirdi", - deyə tarixçi vurğulayır.

Dediyimiz kimi, Şeyx Şamilin qismətində əsirlik həyatı da olub. Lakin iti zəkası, insani keyfiyyətləri onu düşməninin gözündə də yüksəldib: "Onun əsirlik müddətində I Nikolay öldü, I Aleksandrın dövrü başladı. I Aleksandr əsir düşdükdən sonra Şeyx Şamili bir müddət qonaq kimi sarayında saxlayır, hörmətlə, səmimiyyətlə qəbul edir. Rusiya imperiyasına qarşı vuruşmasına baxmayaraq, I Aleksandrın onu bu cür hörmətlə qəbul etməsi aristokratları maraqlandırır və hamı onu görmək üçün saraya gəlir. Onun sərkərdəlik qabiliyyətinə, qəhrəmanlığına rus çarı hörmət qoysa da, bu gün elə tarixçilər var ki, buna görə Şamili qınayır, onu satqınlıqda və xəyanətkarlıqda ittiham edirlər. Deyirlər ki, Şamil satqın, xain olub və dağlı xalqları boş yerə qırdırıb. Amma tarixin o dövründə elə şeylər çox olub. Düşmən düşməni qabiliyyətinə, sərkərdəlik məharətinə görə bağışlaya bilib".

Şamilin oğlu, qızı, gəlini döyüşlərdə öldürülüb, Camal adlı oğlu da əsir düşüb. Ruslar Camalı əsir götürsələr də, onu öldürməyiblər, ona təhsil veriblər, zabit rütbəsinə yüksəldiblər. Mehrani düşünür ki, ruslar, lazım gəlsəydi, onu atasına qarşı da vuruşdura bilərdilər, amma belə etməyiblər: "Bu, Rusiyanın taktikası idi. Doğrudur, bəziləri deyirlər ki, rus generalları filankəsə yaxşı şərait yaratmamışdılar, amma Şeyx Şamilə Kaluqada gözəl şərait yaratmışdılar. Əgər rus təəssübkeşi deyildisə, ona nə üçün bu cür şərait yaradıblar? Bilirik ki, Şeyx Şamil 1869-cu ildə Çardan həccə getmək üçün icazə istəyib, çar da ona icazə verib".

Tərkəş qalası - Sputnik Azərbaycan
CƏMİYYƏT
Azərbaycan tarixinin mühüm qatları üzə çıxır - alban məbədinin "üzünü" açdılar

Tarixçinin sözlərinə görə, Məkkəyə gedəndə bu ucaboy, görkəmli, ağ saçlı, nurani adam hamının diqqətini özünə cəlb edib. Ziyarətçilərdən biri maraqla soruşub ki, sən kimsən? O da vüqarla: "Mən Şeyx Şamiləm", - deyib.

"Onun Şeyx Şamil olduğunu bilən insanlar təəccüblənirlər. Hamı nəhəng Rusiyanı diz çökdürən, 25 il ona qarşı vuruşan Şamilə yaxınlaşıb onunla görüşməyə can atır. Məkkənin xaliqlərindən biri uca bir yerə çıxaraq zəvvarlara müraciət edir ki, sakit olun, tələsməyin, biz kafirlərə divan tutan böyük şəxsiyyət Şeyx Şamilə Məkkənin divarlarına çıxmağa icazə verərik, siz də onu görər və alqışlayarsınız", - deyən Mehraninin sözlərinə görə, Şeyx Şamil zəvvarlar arasında ilk adam olub ki, camaatın onu görməsi üçün Kəbənin qarşısına çıxmağa icazə verilib. Sonra o, Məkkədən Mədinəyə gedib. 1871-ci il fevralın 4-də Şamil dünyasını dəyişib və onun cənazəsi son vida üçün Məhəmməd Peyğəmbərin qəbrinin yanına gətirilib. Burada ona vida duaları oxunub və Şamil Bəqi qəbristanlığında, Abbasilər mavzoleyinin arxasında, Peyğəmbərin qızı Fatimənin məzarından bir az aralıda dəfn olunub.

Şeyx həccə gedərkən yolüstü İstanbula da dönübmüş. İstanbulda da onu çox təmtəraqla qarşılayıblar.

"Ona Rusiyada Mirzə Kazım bəylə görüşməyə də icazə verilir. Onlar birlikdə teatra gedirlər. Teatrda baletə tamaşa edirlər. Mirzə Kazım bəy ona hər baletin mahiyyətini izah edir. O, sakitcə qulaq asır. Çünki teatr görməmişdi. Sonra başqa bir səhnə oynanılır. İkinci tamaşa Osmanlı sultanlarından bəhs edir. Baletin mövzusu belə imiş: hərəmxanada bir sultan öz hərəmləri ilə rəqs edir. Bu anda Şeyx Şamil bərkdən gülür. Mirzə Kazım bəy onun gülməsinin səbəbini soruşur. Şeyx Şamil deyir ki, heç vaxt sultan öz hərəmləriylə oynaya bilməz. Yəni bu səhnəni düzgün qurmayıblar", - tarixçi əlavə edib.

Sonralar Şamilin qəhrəmanlıqları dillərdə dastan olur. Haqqında mahnılar yaranır. Bu gün də böyük şəxsiyyət kimi anılır. Bütün yerli xalqlar onunla fəxr edir, Şamili öz millətindən sayırlar. Mehrani isə təəssüf edir ki, Şimali Qafqaz xalqları Şamili vahid lider, sərkərdə, azadlıq aşiqi kimi qəbul etmək əvəzinə, hərə onu öz tərəfinə çəkir, mübahisə yaradır: "Əgər Şamil burada yaşayan bütün azsaylı xalqların tarixində varsa, yaddaşında yaşayırsa, deməli, bu xalqların hamısının qəhrəmanıdır".

Çıraqqala tarixi və memarlıq qoruğu - Sputnik Azərbaycan
CƏMİYYƏT
Çıraqqala - Sıldırımlar arasında məhv olan tarixdən REPORTAJ

Mehraninin fikrincə, Şeyx Şamil tarixçilər tərəfindən dərindən araşdırılmayıb, əks təqdirdə, onun soykökü ilə bağlı mübahisələrə son qoyulardı: "Əgər Şeyx Şamil avardırsa, o, türklərlə bağlıdır. Çünki tarixçilərin bəziləri araşdıraraq göstərirlər ki, Şeyx Şamil hətta İvan Qroznının nəslindəndir. İvan Qroznının da soy-kökü türk olub. Şamilin atası Əmir Qulu xan sadə bir insan olub və o, bu yerlərin xanı ola bilməzdi. Əmir xan İvan Qroznının nəslindən gəlir ki, onlar da türk soyludurlar. Bu millətlərin bir-biri ilə mübahisəsinə baxmayaraq, onların soykökünü araşdırsaq, görərik ki, avarların özü də türk qolundandır. Gəlin razılaşaq ki, elə-belə kökdən gələn adam belə böyük bir şəxsiyyət ola bilməzdi".

Tarixçi son zamanlar ölkə gündəmini zəbt edən, Qax rayonunda Şeyx Şamilin yaxın silahdaşı olmuş Hacı Muradın qalıqlarının qəbrindən oğurlanması xəbərinə də münasibət bildirib: "Tarixdə belə hadisələr çox olub. Mən bunu bir növ tarixi saxtalaşdırmaq kimi qiymətləndirirəm. Çünki Hacı Muradın döyüşdüyü, həlak olduğu və dəfn edildiyi yerlər bu torpaqlardır. Amma Dağıstan da onun doğma vətənidir. Etiraf edək ki, Mədəniyyət Nazirliyi qəbrin burada olduğu dövrlərdə ona lazımi diqqət ayırmadı. Bəzi insanlar sosial şəbəkələrdə deyirlər ki, "yaxşı oldu, burada kol-kosun içində itib-batmışdı". Mən də bu fikirə qatılıram, biz abidədən yetərincə istifadə edə bilərdik, çoxlu turist cəlb edə bilərdik. Amma təəssüf ki, bunu edə bilmədik".

Təmim əd-Darinin məzarı - Sputnik Azərbaycan
CƏMİYYƏT
Köhnə məscid və məzar – Peyğəmbərin silahdaşı, yoxsa mif

Şeyx Şamil əzəmətinin simvolu Şamilqaladır. Qala Qax rayonunun tarixi abidələrlə zəngin olan məşhur İlisu kəndində, Yazlıq dağının üstündə inşa edilib. Yerli çay daşlarından və əhəngdən istifadə edilməklə tikilən qala iki yarusdan ibarət olub, üstü dəmir örtüklə bağlanıb. Lakin indi nə döşəməsi, nə tavanı, nə də dam örtüyü qalıb. Hərbi istehkamda iki növ mazğal var - top (birinci mərtəbədə) və tüfənglərdən (ikinci mərtəbədə) atəş açmaq üçün. Dairəvi formada olan qalanın hündürlüyü təqribən 10 metr, diametri 7.4 - 9.2 m-dir, divarlarının qalınlığı isə 1 m-ə yaxındır.

Qala strateji baxımdan çox əlverişli yerdə tikilib: buradan çox geniş əraziləri, o cümlədən İlisuya gələn bütün yolları, Dağıstan istiqamətini, Sarıbaş kəndinə və indi rayon mərkəzinə gedən yolları rahat müşahidə etmək, nəzarətdə saxlamaq mümkündür. Qalanın tikilmə tarixi XIX əsrin ortalarına təsadüf edir. Şamilqalanın rus qoşunları tərəfindən inşa olunduğu bildirilir. Məqsəd dağlıların milli azadlıq hərəkatına qarşı hərbi əməliyyatlar çərçivəsində ətrafı geniş müşahidə etmək, həmçinin onların Dağıstan tərəfdən hücumlarından qorunmaq idi. Buna görə qalaya həm də "Gözətçi qalası" deyirlər.

Lakin bəzi rus mənbələrində qalanın İlisu sultanı II Əhmədxan tərəfindən 1800-cü illərin əvvəllərində tikildiyi göstərilir.

Mənbələrdə o da qeyd olunur ki, 1803-cü ildə əmisi Xanbaba bəyi devirərək 1830-cu ilədək İlisu sultanı olan II Əhmədxan Car-Balakən camaatlığından asılılığa son qoymaq üçün çar Rusiyasının vassallığını qəbul etmək istəyir. Bu məqsədlə sultanlığın ərazisinə qoşun yeritmək istəyən general Sisianovla sülh müqaviləsi bağlayır. İlisuda "Rus qalası" adlandırılan 3 qala (Şamilqala, Qalaməhəllədəki qala və Qaxbaşdakı Həsənxan qalası) da məhz II Əhmədxan tərəfindən rus qoşunları üçün hərbi istehkam kimi ucaldılıb. Qalalar, xüsusən də barəsində danışdığımız Şamilqala inşa olunarkən o dövrün rus hərbi mühəndislərinin təcrübəsi əsas götürülüb. Elə qalaların tikintisində də yüzlərlə rus əsgəri iştirak edib.

Şirvan Milli Parkı ərazisində ceyran - Sputnik Azərbaycan
CƏMİYYƏT
Şirvan Milli Parkı, itmiş şəhər və məzara ümid edənlər

Maraqlıdır ki, bu qala sonradan Şeyx Şamilin də başçılıq etdiyi dağlıların qoşunlarına qarşı hərbi baza kimi tikilərək istifadə olunsa da, istehkamın əsasən Şamilqala adlandırılması, görünür, yerlilərin adı dillərdə dastan olan sərkərdəyə rəğbətindən irəli gəlir.

Azərbaycan şanlı tarixinin şahidi olmuş Şamilqala hazırda bərbad durumdadır. Müşahidə məntəqəsinin ikinci mərtəbəsi, üst hissəsi dağılıb. Yalnız divarları qalan qalanın üstünə çıxmaq isə məsləhət deyil, çünki demək olar ki, ayağını qoyduğun hər daş parçası laxlayır, tökülür. Abidənin üzərində onu tanıdan lövhə də yoxdur. Kənd sakinlərinin sözlərinə görə, qalanın üzərində son vaxtlara qədər Azərbaycanın bayrağı dalğalanırdı. Amma artıq o bayraq qaladan götürülüb. Bayrağın qaladan niyə və kim tərəfindən götürüldüyünü isə heç kəs bilmir. 

Xəbər lenti
0