CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan tarixinin mühüm qatları üzə çıxır - alban məbədinin "üzünü" açdılar

© Sputnik / Shahperi AbbasovaTərkəş qalası
Tərkəş qalası - Sputnik Azərbaycan
Abunə olmaq
"Zərnə qalasının sakinləri müdafiə işini çox böyük ustalıqla bacarırdılar"

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 28 iyul — Sputnik. Oğuz-Qax arxeoloji ekspedisiyası Oğuz rayonunun Tərkəş kəndində yerləşən ilk orta əsr istehkam tipli yaşayış yeri və Qax rayonunun Zərnə kəndində yerləşən ilk orta əsr alban dövrü Zərnə qalasında tədqiqat işləri aparıb. Bu barədə Sputnik Azərbaycan-a danışan AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Taleh Əliyevin bildirdiyinə görə, Tərkəş ilk orta əsr istehkam tipli yaşayış yerinin üç hissədən ibarət olan Tikanlı qoruq (iki hissəli), Böyük Qalacıq və Kiçik Qalacıq abidələrinin planı hazırlanıb. T.Əliyevin  sözlərinə görə, tədqiqat zamanı ilk orta əsr saxsı məmulatı, o cümlədən, kirkirə daşının yarısı tapılıb. Bundan başqa, tarixçi ekspedisiya işini Qax rayonunun Zərnə kəndində davam etdirib: "Ekspedisiya tərəfindən aparılmış arxeoloji tədqiqat işləri əsasən Zərnəçayın yuxarı axarına doğru olan istiqamətdə, kəndin tamamilə şimal qurtaracağında, Lay-Şirin adlı ərazidə, olduqca strateji nöqtədə yerləşən Zərnə qalasında həyata keçirilib. Qalaya giriş şimaldan tək və olduqca dar bir yoldan keçir. Oradan yalnız tək atlı keçə bilər. Bu isə dağ qalaları üçün səciyyəvi haldır. Qalanın şimal-şərq hissəsində yerləşən müdafiə bürcü gözətçilərin qoruq çəkməsi üçün əlverişli yerdə inşa olunub. Diametri 6 m olan həmin bürcdən qalaya yeganə girişin və ətrafının qorunması üçün istifadə olunub".

© Sputnik / Shahperi AbbasovaZərnə qalası və alban məbədi planını işləyərkən
Azərbaycan tarixinin mühüm qatları üzə çıxır - alban məbədinin üzünü açdılar - Sputnik Azərbaycan
Zərnə qalası və alban məbədi planını işləyərkən

Qalaya hücum zamanı həmin bürcdən nizə, daş və oxlar vasitəsilə asanlıqla müdafiə olunmaq mümkün idi. Qalanın giriş hissəsi və şərqə doğru olan istiqamət qismən hündürdür. Bu isə təbiidir. Taleh Əliyevin sözlərinə görə, həmin hissədə qala divarları girişə yaxın olduğu üçün daha möhkəm tikilib: "Təsadüfi deyil ki, hazırda qala divarlarının salamat qalan hissəsi də məhz həmin hissədədir. Qalanın Zərnəçay dərəsinə doğru olan hissəsi uçurumludur. Oradan qalaya hücum etmək qeyri-mümkündür. Sözügedən ərazidən uzaq təhlükəni gördükdə qala girişində və bürclərdə olan gözətçilərə asanlıqla məlumat vermək və hücuma lazımi səviyyədə hazırlaşmaq mümkün idi. Tədqiqatlar göstərir ki, Zərnə qalasının sakinləri müdafiə işini çox böyük ustalıqla bacarırdılar".

T.Əliyev bildirir ki, Zərnə qalasında aparılan arxeoloji tədqiqatlar zamanı əsas məsələlərdən biri istehkamın ölçülərinin dəqiqləşdirilməsi olub: "GPS vasitəsi ilə nöqtələri müəyyənləşdirərək dəqiqləşmələr aparılıb. Nəticədə, Zərnə çayının sol sahilində, çayın hər iki tərəfində yerləşən hündür dağların mərkəzində, dəniz səviyyəsindən 600 metr yüksəklikdə, dağın yuxarısında inşa olunmuş istehkam tipli yaşayış yerinin relyefə uyğun tikildiyi və strateji əhəmiyyətli müdafiə istehkamı olduğu qənaətinə gəldik".

© Sputnik / Shahperi AbbasovaZərnə qalasında 1 N-li bürc
Azərbaycan tarixinin mühüm qatları üzə çıxır - alban məbədinin üzünü açdılar - Sputnik Azərbaycan
Zərnə qalasında 1 N-li bürc

Şimal-şərqdən cənub-qərbə doğru uzanan qala divarlarının daxilində 120x63 m ölçüsü olan istehkamın ərazisi yerləşir. Giriş qapısı şimaldandır. Girişdən sola doğru qalanın bürcü, bürcün yanından divar qalığı, bürcə köməkçi hissə, daha sonra uzun divar qalığı, divar qalıqları relyefə uyğun olaraq davam edir.

Müsahibimiz vurğulayır ki, Zərnə qalasında aparılan tədqiqatlar onun içərisində 0,8 hektara yaxın ərazidə müxtəlif tikili qalıqlarının, su və ərzaq anbarının olduğunu söyləməyə əsas verir: "Qalanın içərisində iki hissədə - şimal-şərqdən cənub-qərbə doğru divarlar arasında - paralel uzun tikili qalıqlarının hissələri izlənilir. Zərnə qalasının əhəmiyyətli tikililərindən biri qalanın cənub-qərb qurtaracağında yerləşən alban məbədidir".

Zərnə qalasında yerləşən alban məbədində 15x10 m sahədə arxeoloji qazıntı işləri həyata keçirilib. Məbəd sarmaşıq, kol bitkiləri və uçmuş daşlardan təmizlənib. Məbədin interyerində arxeoloji qazıntı işləri davam etdirilib. Tədqiqat zamanı alban məbədinin döşəməsinə kimi bütün hissəsi (interyeri) açılıb: "Məbədin interyerində arxeoloji qazıntı işləri zamanı döşəməyə qədər 0,5 m dərinlikdə torpaq hissə təmizlənmiş və oradan saxsı qabların qulp, ağız və oturacaq hissələri, eləcə də, məbədin tavanında istifadə olunmuş saxsı kirəmit hissələri, məbədə çəkilmiş su xəttini təşkil edən saxsı su tünglərinin hissələri aşkar olunub. Əldə olunmuş saxsı məmulat ilk orta əsrlərə aiddir. Tədqiqatlar alban məbədinin V-VI əsrlərdə inşa olunduğunu göstərir. VIII-IX əsrlərdə məbəddə kiçik bərpa işləri də aparılıb. Beləliklə, arxeoloji qazıntı işləri zamanı alban məbədinin interyeri açılıb və onun V-IX əsrlərə aid olduğu qənaətinə gəlinib. Məbədin arxeoloji qazıntıdan sonra planı tərəfimizdən işlənib".

© Sputnik / Shahperi AbbasovaZərnə qalasında alban məbədində arxeoloji qazıntı zamanı
Azərbaycan tarixinin mühüm qatları üzə çıxır - alban məbədinin üzünü açdılar - Sputnik Azərbaycan
Zərnə qalasında alban məbədində arxeoloji qazıntı zamanı

Tədqiqat mövsümündə Zərnə kəndində Taxtalı alban məbədi də qeydə alınıb və 9x11 m ölçüdə olduğu izlənilib. Həmin alban məbədi də ilk orta əsrlərə aiddir. Alban məbədinin 0,5 m hündürlükdə divarları salamat qalıb. Oradan tavan üçün istifadə olunmuş saxsı kirəmit hissələri əldə olunub. Məbəd çay daşından kirəc məhlulu ilə inşa olunub.

Qeyd edək ki, 2016-cı ildə həmin alban məbədinin ilkin planı tarix üzrə fəlsəfə doktoru, dosent Natiq Alışov tərəfindən hazırlanıb. Ötən il Zərnə qalasında kəşfiyyat xarakterli arxeoloji tədqiqat işi apararkən həmin məbədə  baxış keçirilib. Növbəti mövsümdə də arxeoloji qazıntı işlərinin Zərnə qalasında davam etdirilməsi nəzərdə tutulur.

Xəbər lenti
0