BAKI, 31 iyul — Sputnik. "İrlandiya mətbuatında dərc olunan məqalədən məlumatlıyıq".
Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, "Dundalk oyunçuları "Qarabağ"la qarşılaşma öncəsi qanunla üz-üzə gəlirlər" ("Dundalk players in Azerbaijan brush with the law ahead of Qarabag clash") sərlövhəli məqalədə iddia olunan hallar artıq polis tərəfindən araşdırılır.
Mayorun sözlərinə görə, müvafiq qorunan yerlər və obyektlər istisna olmaqla, paytaxtın küçə, park, xiyaban və meydanlarında foto-video çəkilişlərlə bağlı məhdudiyyət yoxdur.
Polis tərəfindən paytaxtda ictimai asayişin təmin edilməsində qarşıya qoyulan vəzifələr yüksək əzm və peşəkarlıqla həyata keçirilir.
"Irish Mirror" nəşrində dərc olunmuş məqalədə İrlandiya klubunun oyunçularının Bakıda şəkil çəkdirməklə bağlı polislə problem yaşadıqları bildirilir.