Nigar İsgəndərova, Sputnik Azərbaycan
BAKI, 29 iyul — Sputnik. Bu gün dünyada bir çox ölkələr tullantılardan gəlir, fayda əldə edir.
Yerli hakimiyyətin fikrincə, bu üsulla həm şəhərdəki zibilliyi aradan qaldırmaq, həm də aclıq problemini həll etmək mümkündür. Hətta Hindistanda plastik tullantılardan istifadə etməklə bir neçə avtomagistral da qurulub. Bildirilir ki, belə yol örtüyü keyfiyyətinə görə asfaltdan daha uzunömürlüdür.
Artıq tullantılardan dünyanın müxtəlif ölkələrində həm də alternativ enerji mənbəyi kimi də istifadə olunur. Hətta bir çox dövlətlərdə bu sahəyə olan yatırımlar artmaqdadır.
Bəs bu sahədə ölkəmizdəki mövcud durum necədir, Azərbaycanda illik olaraq nə qədər zibil tullantısı olur?
Öncə Dünya Bankının məlumatlarına nəzər yetirək. Bu qurumun 2013-cü ilə dair hesabatına görə, bu gün Azərbaycana Bərk Tullantıların Vahid İdarə olunması layihəsi üçün əlavə maliyyə olaraq 47.1 milyon ABŞ dolları həcmində kredit ayrılıb. Dünya Bankının məlumatında qeyd olunur ki, 3 milyon insanın yaşadığı Bakıda illik olaraq 1.8 milyon ton bərk zibil tullantısı olur. Bu rəqəmin növbəti 20 il ərzində ikiqat artacağı proqnozlaşdırılır.
2016-cı ilin rəqəmlərinə görə, Azərbaycanda bərpa olunan enerji mənbələrindən istehsal 24.953 GVt/s (giga Vatt/saat) və ya umumi enerji istehsalının 8.8 faizini təşkil edib. Ayrılıqda su-elektrik stansiyalarından 1959.3 GVt/s, küləkdən 22.8 GVt/s, günəşdən 174.5 GVt/s və biokütlədən isə 35.3 GVt/s elektrik enerjisi istehsal olunub.
Alternativ enerji məsələləri üzrə ekspert Orxan Kazımzadə Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycandakı zibil tullantılarının həcmi və mövcud durum haqda danışıb: "Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin məlumatına görə, təkcə ötən il ərzində Azərbaycanda 2.9 milyon ton zibil yığılıb.
"Alternativ enerji sahəsində istənilən layihənin reallaşdırılması mövcud qanunvericilikdən asılıdır. Lakin təəssüf ki, Azərbaycanda hələ ki, zibilin utilizasiyası ilə bağlı ganun və bunu təşviq edəcək mexanizmlər yoxdur.
Yaponiya, Koreya kimi ölkələrdə utilizasiya olunmuş zibilin hər tonuna görə dövlət şirkətə pul ödəyir və bundan əlavə, həmin zibildən enerji istehsal olunursa, bu enerjini xüsusi tariflərlə alır. Həmin ölkələrdə karbon vergisi mövcuddur. Buna görə də onlar havaya buraxdıqları karbon-dioksidin hər tonuna görə dövlətə əlavə ödəniş edirlər.
Bu səbəbdən də həmin ölkələrdə zibili yandırmaq o qədər də faydalı üsul hesab edilmir. Onlar fərqli üsullardan istifadə etməklə enerji istehsal edirlər", - deyə həmsöhbətimiz dünya təcrübəsindən danışarkən əlavə edib.
O bildirib ki, qanunvericilik olmadığı müddətdə bu layihələr rentabelli olmayacaq: "Yəni burada zibildən alınan enerji tarifləri və utilizasiya tariflərini nəzərdə tuturam".
Böyük Britaniyanın Oksford Universitetinin fəxri professoru Fəqan Əliyev isə son bir neçə ildə görülən işlərdən danışıb: "150 ildir ki, Bakıda cəmləşən neft tullantıları şəhər və ətraf ərazilərdə çox pis bir mənzərə yaradıb. Bir neçə il öncə Balaxanıda Fransanın məşhur şirkətləri ilə birgə bir layihəyə start verildi ki, bu da zibil tullantılarının idarəolunmasında müəyyən töhfələrini göstərdi. Lakin yarım milyard manatdan artıq dəyəri olan bu mərkəzdə yalnız bir rayonun tullantılarını qəbul edə bilirik. Bu, çox təəssüfləndirici amildir. Onu da qeyd edim ki, bu gün zibil tullantıları ilə biz bütünlükdə Bakını enerji ilə təmin edə bilərik".