İradə Cəlilova, Sputnik Azərbaycan
BAKI, 26 iyul — Sputnik. Maştağa qəsəbəsində yerləşən "Qum hamamı" baxımsız vəziyyətdədir. Sosial şəbəkə istifadəçiləri dəfələrlə bu mövzuya toxunub, tarixin qum altında məhv olduğunu, zibilliyə çevrildiyini dilə gətiriblər.
Sputnik Azərbaycan-ın əməkdaşı Maştağa qəsəbəsində olub və hamam haqqında məlumatlar əldə edib.
Öncə onu qeyd edək ki, hamamı tapmaq o qədər də asan deyildi. Çünki nə qədər qəribə olsa da, kənd sakinlərinin çoxu hamamın harada yerləşdiyindən, varlığından, tarixindən xəbərsizdir.
Hamamın yerini bilənlər isə deyirlər ki, əvvəllər burada böyük təpə olub, yəni hamam görünmürmüş. Sonralar zamanla təpə aşınmaya uğrayıb, ovuqlar açılıb. Və məlum olub ki, burada hamam varmış.
Tədqiqatçı Faiq Nəsibovun Sputnik Azərbaycan-a verdiyi məlumata görə, hamam XVIII əsrdə tikilib. 1920-ci illərin əvvəllərində qum altında aşkar edilib və cüzi təmirdən sonra istismara verilib.
"Nardarandakı hamamdan fərqli olaraq, Maştağadakı hamam konfiqurasiyalı plana malik olub. Hamam iki əsas otaqdan – soyunma və yuyunma otağından ibarət olub. Qərb tərəfdən düzbucaqlı olaraq, şərqdən isə məhz yuyunma bölməsi zonasında pilləli formada tikilib. Planda oxvari zalların tin hissəsində fərdi istifadə üçün otaqlar nəzərdə tutulub" – deyə o qeyd edib.
Tədqiqatçı bildirib ki, sakit həyat sürən şərq insanı istirahət yerini özünəməxsus kulta çevirməklə, buna çox böyük əhəmiyyət verirmiş.
Qum hamamı Abşeron tikililərinin təsnifatına Azərbaycanın mülki memarlığının ən maraqlı obyekti kimi daxil olub. Ancaq hazırda hamamın çox hissəsi torpaq altında qalıb. Kənd əhalisi isə məişət tullantılarını hamamın pəncərələrindən içəri atır.
Sakinlərin qəribə arqumenti var: yaxınlıqda məişət tullantılarının atılması üçün urna qoyulmadığı üçün zibili bura atmaq “məcburiyyətində” qalırlar!
Hamam ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısında yer alsa da, təəssüf ki, gözdən uzaq olduğu kimi könüldən-nəzarətdən uzaq qalıb.
Məsələ ilə bağlı Sputnik Azərbaycan-a açıqlama verən Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynov bildirib ki, hamamın olduğu əraziyə zibil tökülməməsi ilə bağlı sakinlərə dəfələrlə xəbərdarlıq olunub. Əvvəllər də bir neçə dəfə zibildən təmizlənib, ətrafda yaşayan insanlara məlumat verilib: "Buna baxmayaraq, yenə də zibil tökürlər. Vətəndaşlar yaxınlıqda zibil qutularının olmamasını bildirirlər. Ötən ay İcra Hakimiyyətinə də əraziyə zibil yeşiklərinin qoyulması ilə bağlı müraciət olunub".
Hüseynov açıqlamasında qeyd edib ki, növbəti illərdə Bakı ətrafı bir sıra kəndlərdə olan tarixi hamamların, o cümlədən Bilgəhdə, Nardaranda yerləşən hamamların təmiri nəzərdə tutulub.
"Maştağada yerləşən bu hamamın təmiri ilə bağlı məsələ gündəmdə deyil. Amma yerli sahibkarlara sizin vasitənizlə müraciət etmək istəyirik. Onlar belə hamamları təmir-bərpa edib istifadə edə bilərlər. Bununla həm tariximizə sahib çıxmış olarlar, həm də hamam kimi istifadə edib pul qazana bilərlər" – deyə Hüseynov vurğulayıb.