BAKI, 27 iyul — Sputnik. Beynəlxalq Olimpiya Komitəsi Rusiyanın Olimpiya Komitəsini 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak etməyə dəvət edib.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, Rusiya tərəfinə artıq rəsmi dəvətnamə göndərilib.
Rusiya Olimpiya Komitəsi saytında yerləşdirdiyi bəyanatında deyib ki, Cənubi Koreyanın Pxençan şəhərində baş tutmuş oyunlardan fərqli olaraq, bu dəfə Rusiyanın tam olimpiya komandasını formalaşdırmaq mümkün olacaq.
Komitə, həmçinin onu da bildirib ki, rusiyalı idmançılar Yaponiya paytaxtında heç bir məhdudiyyət və ya əlavə şərt olmadan Rusiya bayrağı altında çıxış edə biləcəklər.
Beynəlxalq Olimpiya Komitəsinin sədri Tomas Bax dəvətnaməyə imza atıb.
Tokio Olimpiadası 2020-ci ildə iyulun 24-dən avqustun 9-dək keçiriləcək.