BAKI, 27 iyul — Sputnik. "Jara-2019" beynəlxalq musiqi festivalında iştirak etmək üçün Bakıya təşrif buyurmuş Rusiyanın Əməkdar artisti Kristina Orbakayte Sputnik Azərbaycan-ın müxbirinə müsahibə verib:
- Bakıya xoş gəlmisiniz.
- Çox sağ olun. Hər il sizin şəhərə gəlirəm. Azərbaycanın qonaqpərvərliyi birinci saniyədən, təyyarənin trapından Azərbaycan torpağına addım basan kimi hiss olunur. Azərbaycan xalqını sevirəm. Sizdə ən dəyərli olan insanlar, hava, təbiət, kolorit, ənənələr və müasir həyatdır ki, bunların da hamısı harmonik şəkildə bir-birinə uyğun gəlir. Sizin insanlarınız bütün ənənələri qoruyub-saxlayırlar və hətta indi də onlara riayət edirlər, lakin bununla bərabər onlar zamanla ayaqlaşırlar.
- "Jara"da yeni nə təqdim edəcəksiniz?
- Eminə afərin! O, festivala gələnlər və çoxsaylı televiziya tamaşaçıları üçün bayram təşkil edir. Bakı sakinləri üçün "İtirirəm" adlı yeni mahnımı oxuyacam. Mahnı bu yaxınlarda işıq üzü görüb və biz hətta onun üçün klip də çəkmişik. Bakıda yeni mahnılarımızı təqdim etmək üçün toplaşmışıq.
- Bəs duetlər olacaq?
- Xeyr, bu il duet olmayacaq. Yalnız solo çıxış edəcəm.
- Emin Ağalarovun artıq bir çox rusiyalı ulduzla dueti olub. Ondan sizə belə bir təklif gəlib?
- Maraqlı bir şey olsa, əlbəttə ki, (duetdə - red.) oxuyaram. Mən duetlər üzrə mütəxəssisəm – onlar məndə həmişə uğurlu alınır. Bu həm mahnıya, həm də tərəf-müqabili seçiminə aiddir. İstəmirəm ki, Eminlə duetimiz sıravi, "Mən səni sevirəm" tipində alınsın. Mahnı gərək maraqlı tarixçəni çatdırsın.
- Azərbaycanlı ulduzlardan kiminsə ifasına qulaq asırsınız?
- Sizin "Avroviziya"dakı təmsilçiniz Çingiz (Mustafayev – red.) mənim çox xoşuma gəlir. Onun mahnısına vurulmuşam. O, hətta bu yaxınlarda bizim "Nə? Harada? Nə vaxt?" verilişində çıxış edib. Onun çox əla, xit mahnısı var, ona zümzümə etmək və oynamaq istəyirsən.
"Jara" festivalı iyulun 25-də başlayıb və bazar günü, iyulun 28-də başa çatacaq. Festival "Sea Breeze" kompleksində keçirilir. Festivalın iyulun 25-də baş tutmuş açılışı günü Filipp Kirkorov, Svetlana Loboda, Olqa Buzova, Emin Ağalarov, Monatik və bir çox digər ifaçılar çıxış edib. İyulun 26-da Qriqori Leps və Stas Mixaylovun, eləcə də "Lube" qrupunun yaradıcılıq gecələri baş tutub. Tamaşaçılar, həmçinin Leonid Aqutin, Filipp Kirkorov, Aygün Kazımova, Valeriya, Brilyant Dadaşova, Nigar Camal və digərlərinin çıxışlarını izləyiblər.
İyulun 27-də isə 1990-cı illərin xit mahnıları ifa olunacaq. Konsertdə "Ruki vverx!" və "Na-Na" qrupları, eləcə də Layma Vaykule, İqor Nikolayev, Alyona Apina, İrina Dubtsova, Mitya Fomin, Aleksandr Buynov, Emin Ağalarov və digər ifaçıların çıxışları baş tutacaq.
Festivalın son günündə isə Timatinin konserti keçiriləcək. Konsertdə Qriqori Leps, Svetlana Loboda, Lyubov Uspenskaya, Ciqan və "Black Star" leyblının artistləri tamaşaçıları öz ifaları ilə sevindirəcəklər.
"Jara" layihəsinin təşkilatçıları məşhur müğənni və bəstəkar Emin Ağalarov, Rusiyanın Əməkdar artisti Qriqori Leps, "Russkoye Radio" radiostansiyasının və "Zolotoy Qrammofon" mükafatının təsisçisi Sergey Kojevnikovdur.
Festivalda Azərbaycan, Rusiya, Ukrayna, İtaliya, ABŞ və digər ölkələrdən populyar estrada ulduzları çıxış edirlər.