BAKI, 25 iyul — Sputnik. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun "Antik dövr arxeologiyası" tarix üzrə fəlsəfə doktoru Ceyhun Eminlinin rəhbərliyi ilə "Antik və ilk orta əsrlər Qəbələ Arxeoloji Ekspedisiyası" Qəbələnin Səlbir və Antik şəhər yerində arxeoloji qazıntılarına yenidən start verilib.
Sputnik Azərbaycan-ın bölgə muxbiri xəbər verir ki, Qədim Qəbələnin Səlbir yaşayış yerində sahəsi 400 kv.m-dən artıq olan iri tikili kompleksi tədqiq olunmaqdadır. Bu tikili kompleksi hələ 2017-ci ildə eyniadlı ekspedisiya tərəfindən aşkar edilmişdi. Builki tədqiqatlar zamanı qeyd olunan kompleksə aid bir binanın iki mərtəbəli olması müəyyən edilib.
Binanın tikintisində çay daşı və bişmiş kərpicdən geniş istifadə olunub. Binanın alt mərtəbəsinə kərpicdən hörülmüş pilləkənlər vasitəsilə düşdükdən sonra dəhlizlər vasitəsilə müxtəlif istiqamətlərdə otaqların olduğu təsbit edilib. Dəhliz və otaqlar bişmiş kərpiclə döşənib və üzəri suvaq qatı ilə örtülüb. Binanın daxili divarlarının tərtibatında üzəri həndəsi təsvirlərlə bəzədilmiş suvaq da aşkarlanıb. Tikili kompleksində dəhlizlər, yardımçı otaqlar, dairəvi hovuz, saxsı borulardan hazırlanmış su xətti, isitmə qurğuları, təsərrüfat quyusu, təndir də mövcuddur.
Qazıntılar nəticəsində binanın dağılmış hissələri içərisində xeyli sayda müxtəlif rəngli şüşələrin tapılması vaxtilə orada şəbəkəli pəncərələrin olduğundan xəbər verir. Tədqiqatlar zamanı xeyli sayda saxsı məmulatı, inşaat detalları, metal əşyalar aşkar edilib. Tikili kompleksi eramızın 12-14-cü əsrləri arası dövrə təsadüf olunur. Daha sonra bu kompleksin tərk edildiyi, zamanla dağıntıya məruz qaldığı düşünülür. 15-ci əsrdən sonra həmin hissədə kiçik qəbristanlıq salınıb. Qəbirlər qazılarkən binanın bəzi divarları və bünövrə yerləri daha da dağıdılıb.
Paralel olaraq Səlbir yaşayış yerində "Azərbaycan-Koreya Beynəlxalq Arxeoloji Ekspedisiyası" da qazıntılar aparır. Birgə tədqiqatlar Səlbirin mərkəzi hissəsində su anbarı olduğu ehtimal edilən çökəklikdə davam edir.
İki illik fasildən sonra "Antik və ilk orta əsrlər Qəbələ Arxeoloji Ekspedisiyası" Qəbələnin Antik şəhər yeri ehtimal edilən Çaqqallı sahəsində də tədqiqatlara yenidən başladı. Uzun illərdir antik şəhər yerində mərhum arxeoloq, professor İlyas Babayevin rəhbərliyi altında aparılmış genişmiqyaslı qazıntılar nəticəsində aşkar edilmiş dulusçuluq emalatxanası ətrafında qazıntılar davam edir. E.ə. II əsrə aid olan dulusçuluq emalatxanasının ətrafı tədqiqatlara cəlb olunaraq emalatxananın sərhədləri və dulus kürələrinin tədqiqi istiqamətində işlər aparılır.
Ümumilikdə, Ceyhun Eminlinin rəhbərliyi altında fəaliyyət göstərən "Antik və ilk orta əsrlər Qəbələ Arxeoloji Ekspedisiyası"nın əsas istiqaməti Qafqaz Albaniyasının paytaxtı olmuş Qəbələdə erkən şəhər mədəniyyətinin formalaşması, urbanizasiya problemi, yaşayış yerlərində mədəni təbəqələr əsasında davamlı həyat tərzinin öyrənilməsidir.
İyul ayının əvvəllərindən başlayan ekspedisiya öz işini avqustun 4-nə kimi davam etdirəcək.
Arxeoloji çöl-tədqiqat işləri SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının maliyyə dəstəyi ilə həyata keçirilməkdədir.