BAKI, 25 iyul – Sputnik. UEFA Avropa Liqasının II təsnifat mərhələsində “Qəbələ” və “Neftçi” komandaları ilk oyununu keçirib.
Sputnik Azərbaycan xəbər verir ki, “Qəbələ”nin rəqibi Gürcüstanın "Dinamo" kollektivi olub. Qəbələ şəhər stadionunda təşkil olunan qarşılaşma Tbilisi təmsilçisinin 2:0 hesablı qələbəsi ilə bitib.
Matçdakı ilk qol birinci hissəyə təsadüf edib. Qonaqların heyətində Levan Katulya 41-ci dəqiqədə fərqlənib. 87-ci dəqiqədə isə Arfanq Daffe hesab arasındakı fərqi iki topa çatdırıb.
Qeyd edək ki, komandalar arasındakı cavab oyunu avqustun 1-də Tbilisidəki Boris Payçadze adına Dinamo stadionunda olacaq.
“Neftçi” isə səfərdə Rusiya “Arsenal”ı ilə üz-üzə gəlib. Bakılılar evdə çətinliklə üzləşməmək üçün səfərdə qənaətbəxş nəticəyə imza atıblar. "Ağ-qaralar" rəqiblərini 1:0 hesabı ilə məğlub ediblər.
Görüşdə yeganə qolu 45-ci dəqiqəsində Dario Frederiko vurub. Bu qoldan sonra təzyiqi artıran Bakı təmsilçisi bir neçə epizodda fərqlənməyə yaxın olsa da, hesab dəyişməyib. "Arsenal" da təhlükəli epizodlarla diqqət çəkib. Lakin qapıçımız Səlahət Ağayevin inamlı çıxışı rəqibin fərqlənməsinə imkan verməyib.
Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 1-də Bakıda olacaq.