BAKI, 25 iyul — Sputnik. Azərbaycanın xalq artisti Emin Ağalarov rusiyalı həmkarı Aleksey Çumakovla birlikdə ifa etdiyi "U kraya propasti" (“Uçurumun kənarında”) kompozisiyasını təqdim edib.
Sputnik Azərbaycan-ın məlumatına görə, Ağalarov bu yeni dueti özünün "Instagram" sosial şəbəkəsindəki səhifəsində paylaşıb.
Посмотреть эту публикацию в Instagram
"Dostlar, bizim Aleksey Çumakovla çoxdandır gözlənilən “Uçurumun kənarında” adlı duetimizi sizə təqdim etməkdən məmnunuq. Biz onu xüsusi olaraq "Jara" festivalı üçün hazırlamışıq. Ümid edirəm ki, mahnı bizim kimi dinləyicilərimizin də xoşuna gələcək" - Ağalarov yazıb.
"Mən bütün duetlərimi dostlarımla birlikdə yazıram. Biz Alekseylə çoxdan dostluq edirik. Məndə həmişə belə bir hiss olub ki, biz bir dəfə onunla birlikdə nə isə edəcəyik. Və budur, bu yaxınlarda Aleksey mənə zəng elədi və dedi ki, yeni mahnı yazmışam və hər ikimizə gedər. Mahnı dərhal mənim xoşuma gəldi. Ümumiyyətlə Alekseyi çox istedadlı musiqiçi hesab edirəm. Mən trekin prodüserliyini və vokalın yazılmasını tamamilə ona etibar elədim və biz nəticədən çox razıyıq. Ümid edirəm ki, mahnı dinləyicilərimizin də çox xoşuna gələcək" - deyə Emin bildirib.
Birgə işdən Çumakov özü də razı qalıb: "Mən melodiyanı fikirləşəndə intuitiv olaraq onun necə səslənəcəyini, nə haqda olacağını, bəzənsə hətta onun kimin səsinə yaraşacağını təsəvvür edirəm. “Uçurumun kənarında” mahnısı doğulan kimi, onu Eminə göstərmək qərarına gəldim. Dərhal anladım ki, bu, çox yaxşı duet olacaq. Biz öz səhvlərimizi tez-tez etiraf eləmirik, amma sonra demədiyimizə, qarşısını almadığımıza və onları buraxdığımıza görə çox peşman oluruq. Geriyə yalnız xatirələrimiz və mahnının ruhu qalır".
"Jara-2019" festivalı iyul ayının 25-dən 28-dək "Sea Breeze" turizm kompleksində keçiriləcək. Festivalın bugünkü açılış mərasimində Filipp Kirkorov, Olqa Buzova, Emin Ağalarov, Monatik və digər müğənnilər çıxış edəcəklər. İyulun 26-da "Lyube" qrupunun yaradılmasının 30-cu ildönümünə həsr olunan yaradıcılıq gecəsi başlayacaq. Gecədə “İvanuşki International”, "Fabrika" və "Qorod 312" qrupları iştirak edəcəklər. Burada Kirkorov, Alyona Apina, Nataşa Koroleva, Miti Fomina, "Otpetıye moşenniki", "Na-na" və digərlərinin çıxışı gözlənilir.
İyulun 27-də Qriqori Leps və Stas Mixaylovun yaradıcılıq gecəsi olacaq. İyulun 28-də festivalın bağlanışında isə Cah Xalib, Lyoşa Svik, Tima Belorusski və "Black Star" leyblının artistləri çıxış edəcəklər.
"Jara" Beynəlxalq Musiqi Festivalı 2016-cı ildən başlayaraq Bakıda keçirilir. Layihənin təşkilatçıları məşhur müğənni və bəstəkar, Azərbaycanın Xalq artisti Emin Ağalarov, Rusiyanın əməkdar artisti Qriqori Leps, "Russkiy radio"nun və "Zolotoy qrammofon" mükafatının əsasını qoyan Sergey Kojevnikovdur. Festivalda Azərbaycan, Rusiya, Ukrayna, İtaliya, Amerika və digər ölkələrdən populyar estrada ulduzları çıxış edirlər.