CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gədəbəydə otel qalmayıb – Milli Yaylaq Festivalına gedənlər harada qalacaq?

© Sputnik / Ilham MustafayevGədəbəy rayonu Novoivanovka kəndi
Gədəbəy rayonu Novoivanovka kəndi - Sputnik Azərbaycan
Abunə olmaq
Otellər kimi Milli Yaylaq Festivalına yaxın ərazidə ev tapmaq da mümkün deyil

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 24 iyul — Sputnik. Azərbaycanda ilk dəfə keçiriləcək Milli Yaylaq Festivalı ilə əlaqədar Gədəbəy rayonunda yerləşən otel və istirahət mərkəzlərinin heç birində iyulun 26-28 tarixlərinə boş yer qalmayıb. Bu barədə Milli Yaylaq Festivalında iştirak etmək istəyən şəxslər sosial şəbəkələrdə məlumat yayıblar.

Məlumata görə, həmin yerlər Milli Yaylaq Festivalında iştirak etmək istəyənlər tərəfindən bron olunub. Sputnik Azərbaycan-ın əməkdaşı müştəri qismində Milli Yaylaq Festivalının keçirildiyi tarixlər üçün Gədəbəydə yerləşən otel və istirahət mərkəzlərində boş yer axtarıb.

Сотрудники правоохранительных органов в Кабуле - Sputnik Azərbaycan
Əfqanıstanda otelə hücum çəkənləri məhv etdilər

Milli Yaylaq Festivalının keçiriləcəyi yerə ən yaxın otellərdən biri olan "Eldorado Hotel" dağ turizm mərkəzindən Sputnik Azərbaycan-ın əməkdaşına bildirilib ki, oteldə iyulun 26-28 tarixlərinə qədər boş yer yoxdur. Otelin əməkdaşının sözlərinə görə, yerlərin çoxu Milli Yaylaq Festivalının keçirilməsi elan olunandan bir müddət sonra bron edilib: "Otelimizdə 28 nömrə var. 75 müştəri qəbul edə bilirik ki, artıq o nömrələrin də hamısı tutulub".

"Meh" İstirahət Mərkəzindən isə bu ayın sonuna qədər oteldə boş yer olmadığını söylədilər: "Bizdə 17 otel nömrəsi, 11 kotec yeri var. Ümumi müştəri tutumu 78 nəfərdir. Amma boş yer qalmayıb. Yerlər bu ayın əvvəlindən bron edilib".

Oteldən bildirdilər ki, ərazidə boş ev axtarmağa da dəyməz: "Otellər kimi Milli Yaylaq Festivalına yaxın ərazidə ev tapmaq da mümkün deyil. Çünki otellərdə boş yer tapmayanlar, xüsusilə də ailə ilə gələnlərin çoxu ev kirayələyib".

Milli Yaylaq Festivalının ideya və layihə rəhbəri Müzadil Həsənov da Sputnik Azərbaycan-ın əməkdaşı ilə söhbətində Gədəbəydə keçiriləcək Milli Yaylaq Festivalına marağın böyük olduğunu söyləyib. Onun sözlərinə görə, festivala maraq böyük olduğundan, ərazidəki otellərdə boş yer qalmayıb. Amma M. Həsənov deyir ki, bu festivalda iştirak etmək istəyənləri məyus etməsin. Çünki festivalın keçirildiyi ərazidə iştirakçılar üçün xüsusi yerlər ayrılacaq: "Bu məqsədlə iki hektara yaxın boş yer ayrılıb. Həmin yerin adı "Öz yurdunu qur" olacaq. Məsələn, vətəndaş istəsə özü ilə çadır və ya digər ləvazimatlar gətirə bilər. Özü üçün şərait qurub festival müddətində yaylaqda qala bilər".

Улица в Габале - Sputnik Azərbaycan
CƏMİYYƏT
Ərəblərin Qəbələ sevgisi - otellər "bayram" edəcək

M. Həsənov deyir ki, artıq festival üçün hazırlıq işləri yekunlaşmaq üzrədir: "Çadırlar qurulub, içərisinin bəzədilməsi işləri yekunlaşır. Ərazidə hazırda təmizlik və abadlıq işləri aparılır ki, gələn qonaqlar razı qalsın. Festivalın keçiriləcəyi ərazidə 14 alaçıq qurulub. Ən böyük yurd 100 kvadratmetr olacaq. Bu, "Xan" yurdu adlandırılır".

Həmsöhbətimiz bildirib ki, Milli Yaylaq Festivalında iki mindən çox qonağın iştirakı gözlənilir: "Qeyd etdiyim kimi, Milli Yaylaq Festivalına maraq böyükdür. Odur ki, festivala qatılacaq qonaqların sayı barədə indidən proqnoz vermək çətindir. Amma qonaqların arasında öz vətəndaşlarımızla yanaşı, turistlər də olacaq.

M. Həsənovun sözlərinə görə, festivalda iştirak edəcək qonaqları teatr səhnələri, məclisi-üns, at yarışları kimi maraqlı şoular gözləyir: "Festivalın keçirildiyi ərazidə Cıdır meydanı, Yaylaq (kənd təsərrüfatı) bazarı, Sənətkarlıq guşəsi, "Dədə Qorqud" ocağı (tamaşaçılar üçün səhnə), Yaylaq yatağı (kənd təsərrüfatı heyvanları üçün yerlər), Pəhləvan meydanı (yarış sahəsi), "Aşıq Ələsgər" ocağı, Yaylaq süfrəsi (yaylaq mətbəxi) və digər tematik sahələr yaradılır. Festivalın ekoetnoturizm hissəsində turistlər üçün xüsusi etnoqəsəbədə köhnə ənənəvi üslubda düzəldilmiş yurdlarda, dəyələrdə qalmaq imkanı yaradılacaq. "Yaylaq bir gün" adlı hissədə turistlər şərti olaraq XVIII əsrin ənənəvi yaylağına səyahət edəcəklər".

İntihar kəndiri, arxiv şəkli - Sputnik Azərbaycan
HADİSƏ
Bakıdakı oteldə ərəb yeniyetmə intihara əl atıb

M. Həsənov deyir ki, otellərdə boş yer qalmasa da, festivalın keçirildiyi ərazidə qonaqların qidalanması üçün xüsusi yerlər ayrılıb: "Qonaqların qidalanması Gəncə və Gədəbəy zonasındakı operatorlara həvalə olunub. Burada qonaqlara rayon mərkəzindəki qiymətlərdən 20-30 faiz ucuz qiymətə yeməklər təqdim olunacaq. Layihə kommersiya xarakterli olmadığından, maksimal dərəcədə qiymətlərin aşağı olmasına çalışacağıq. Qida təhlükəsizliyi məsələsinə də, xüsusi diqqət yetiriləcək.

Vətəndaşların festivalda iştirakı ilə bağlı prosedurdan danışan Müzadil Həsənov bildirib ki, Milli Yaylaq Festivalında iştirak tam ödənişsiz və sərbəstdir: "Azərbaycanın istənilən regionundan vətəndaşlar heç bir qeydiyyatdan keçmədən festivalda iştirak edə bilər. Fürsətdən istifadə edərək vətəndaşlarımızı festivala dəvət edirəm. Əminəm ki, Milli Yaylaq Festivalı hər kəsə unudulmaz anlar yaşadacaq. Tədbirə bütün el-oba dəvətlidir".

Qeyd edək ki, Milli Yaylaq Festivalı 26-28 iyul tarixlərində füsunkar təbiəti ilə seçilən Gədəbəy rayonunun Miskinli yaylağında keçiriləcək.

Xəbər lenti
0