Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 24 iyul — Sputnik. Azərbaycanda narkomanlar arasında narkotikin ağır növlərindən istifadə edənlərin sayı artıb. Bu məlumatı Sputnik Azərbaycan-a açıqlamasında Respublika Narkoloji Mərkəzin baş həkimi Araz Manuçəri verib.
O, bildirib ki, əvvəllər narkomanlar arasında heroindən istifadə hallarına daha çox rast gəlinirdi: "Son illər isə ağır narkotik qruplara aid narkotik maddələrdən istifadə edənlər daha çoxdur. Onlar arasında yeni növ sintetik narkotik maddələrdən istifadə edənlərin sayı artır. Sintetik narkotik maddələr xüsusi təhlükəli hesab edilir. Narkomanlar daha çox opiat qrupuna daxil olan narkotiklərdən "kokos"dan istifadə edirlər".
Manuçəri bildirib ki, narkotik vasitə istifadəçisinin müalicəsi çətindir, amma xəstə könüllüdürsə, müalicəsi mümkündür. Onun sözlərinə görə, son bir neçə ildə narkotik vasitələrin zərəri ilə bağlı ciddi təbliğat, maarifləndirmə kampaniyaları aparılır. Bu isə narkomaniyadan əziyyət çəkənlər arasında könüllü müalicə almaq istəyənlərin sayının artmasına təsir edir.