Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 23 iyul — Sputnik. Azərbaycanda narkoistifadəçilərin yeni qeydiyyat sistemi hazırlanacaq.
Sputnik Azərbaycan narkoistifadəçilərin yeni qeydiyyat sisteminin hansı zərurətdən yaradılmasını və bu sistemin narkomaniya ilə mübarizədə rolunu araşdırıb. Respublika Narkoloji Mərkəzin baş həkimi Araz Manuçəri Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, narkoistifadəçilər barədə yeni qeydiyyat sisteminin işlənilib hazırlanması ölkədə narkomaniya ilə mübarizənin aparılmasına öz töhfəsini verəcək:
“Bu qeydiyyat sistemi narkomaniya ilə bağlı mübarizə baxımından çox effektli olacaq. Sistemdən narkomanların sayı ilə yanaşı, onların hansı narkotik maddələrdən istifadə etdiyinə dair məlumatları əldə etmək mümkün olacaq. Bu isə narkomaniyaya qarşı mübarizənin daha da effektli olmasına gətirib çıxardacaq”.
A. Manuçəri bildirib ki, bu qeydiyyat sistemində narkomanlarla bağlı konfidensiallıq da qorunacaq: “Sistemin yaradılması o demək deyil ki, qeydiyyatda olan narkomanlarla bağlı həmin sistemdən hər kəsin məlumat almaq imkanı olacaq.
Bu sistemdə narkomanların şəxsi məlumatlarının məxfiliyi yenə də qorunacaq. Sistemdə hansı narkomanın hansı narkotik maddə aludəçisi olduğuna dair məlumatlar yerləşdiriləcək. Bu isə narkotik maddələrin istifadəsinə dair analizlərin aparılmasına imkan yaradacaq”.
A. Manuçəri deyir ki, hazırda narkomanlarla bağlı baza var. Həmin baza məlumatlar Səhiyyə Nazirliyinin müvafiq şöbəsindədir. Baş həkimin sözlərinə görə, təsdiqlənən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planına əsasən, həmin bazadakı məlumatlar Mərkəzdə sistemə yerləşdiriləcək.
Araz Manuçərinin sözlərinə görə, hazırda işin texniki tərəfi üzərində iş aparılır. Baş həkim bunun üçün Mərkəzdə kompüter biliyi olan şəxslərin işə götürüləcəyini söyləyib. O, bildirir ki, narkomanlarla bağlı konfidensiallığın qorunması üçün işçilərin məlumat sisteminə tam girişi məhdudlaşdırılacaq:
“Tutaq ki, narkomanın qeydiyyat yeri barədə məlumatı sistemə daxil edən işçi ancaq arayışlarla bağlı bölməyə daxil olub məlumat yerləşdirə biləcək. Onun qeydiyyatda olan işçilərdən hansının narkotik istifadəçisi olması və digər məxfi məlumatlarına daxil olması mümkünsüz olacaq”.
A. Manuçəri deyir ki, yeni qeydiyyat sistemi ölkədə narkomaniya ilə bağlı analizlərin aparılması ilə yanaşı, narkomanların müalicə üsulları ilə bağlı da səmərəli olacaq. Onun sözlərinə görə, həmçinin yeni sistem aidiyyatı qurumlara da ehtiyac olduqda işə götürdükləri şəxsin narkotik aludəçisi olub-olmadığını yoxlamaq imkanı verəcək: “Bəzən ictimai nəqliyyatda işə götürülən sürücülərin narkotik maddə istifadəçisi olduğu, eləcə də əvvəllər narkotik maddələrin alqı-satqısı ilə məşğul olduğu üçün azadlıqdan məhrum edildiyi barədə məlumatlar yayılır.
Baş həkimin sözlərinə görə, Tədbirlər Planında narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə dair şəxsi həyat sirri olmayan məlumatların məcmusunu yaratmaq məqsədilə Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadəyə dair Milli İnformasiya Mərkəzinin yaradılması da öz əksini tapıb.