BAKI, 23 iyul — Sputnik. Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələrində, magistratura səviyyəsində təhsil alanların köçürülməsi üzrə elektron sənəd qəbulu başa çatıb.
Sputnik Azərbaycan Təhsil Nazirliyinin məlumatına istinadla xəbər verir ki, iyulun 5-dən 20-dək transfer.edu.az portalı vasitəsilə həyata keçirilən elektron sənəd qəbulu zamanı ali təhsil müəssisələrindən köçürülmək üçün ümumilikdə 1535 nəfər müraciət edib. Onlardan 13 nəfərini magistratura səviyyəsi üzrə köçürülmək istəyənlər təşkil edir. Xarici ölkələrin ali təhsil müəssisələrində təhsil alan və köçürülmək istəyənlərin sayı 137 nəfərdir. 1385 nəfər ölkə ərazisindəki ali təhsil müəssisələrindən köçürülmək və təhsil alma formasını dəyişmək üçün müraciət edib.
Orta ixtisas təhsil müəssisələrindən köçürülmək istəyənlərin sayı isə 158 nəfər təşkil edir.
Hazırda köçürülmək və təhsil alma formasını dəyişmək istəyən tələbələrin müraciətlərinə baxılır. Nəticələrin sentyabrın əvvəlinədək açıqlanması nəzərdə tutulur.
Qeyd edək ki, tələbələrin köçürülməsi Təhsil Nazirliyinin razılığı ilə qış və yay tətili dövründə həyata keçirilir. Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmamalıdır.
Qaydalara əsasən, xarici ölkələrin akkreditə olunmayan ali təhsil müəssisələri tələbələrinin və digər ölkələrdə qiyabi təhsil alanların köçürülməsinə icazə verilmir. Bununla yanaşı, tələbənin təhsil aldığı ali təhsil müəssisəsinin dünyanın ən yaxşı ali təhsil müəssisələrinin reytinq siyahısında olması da nəzərə alınan göstəricilər sırasındadır.
Transfer.edu.az portalı vasitəsi ilə köçürülən tələbələr köçürüldüyü ali təhsil müəssisəsindən və yaxud ixtisasından imtina etmək hüququna malik deyil.