BAKI, 25 iyun — Sputnik. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) bir qrup tələbə imtahan sisteminə qanunsuz müdaxilə edərək, imtahan suallarını götürüblər. Universitetdən Sputnik Azərbaycan-a verilən məlumata görə, iyunun 10-da UFAZ-ın Fransadan dəvət olunmuş daimi fransız müəllimləri tərəfindən yekun imtahan nəticələrinin yoxlanılması zamanı müvəffəqiyyət göstəricisi aşağı olan tələbələrin imtahanda yüksək nəticə əldə etdikləri müəyyən olunub.
UFAZ idarə heyəti tərəfindən dərhal araşdırma aparılıb və həqiqətən də, bir qrup UFAZ tələbəsinin xüsusi kompüter proqramı vasitəsilə riyaziyyat və fizika fənlərini tədris edən müəllimlərin tərtib etdiyi yekun imtahan suallarını və onların cavablarını əvvəlcədən əldə edildiyi müəyyən olunub.
Baş vermiş hadisə ilə bağlı 19 iyun 2019-cu il tarixində ADNSU-nun rektoru, professor Mustafa Babanlı və UFAZ-ın koordinatoru Jan-Mark Plane UFAZ-ın İdarə heyəti ilə birlikdə II kursun bütün ixtisaslar üzrə təhsil alan tələbələrinin fizika və riyaziyyat fənləri üzrə keçirilmiş yekun imtahan nəticələrinin ləğv edilməsi və 2019-cu il iyunun 27-28-də təkrar imtahanların keçirilməsinə dair qərar qəbul edilib.
Hadisə ilə bağlı ADNSU–nun Tədris işləri üzrə prorektoru, dosent Qasım Məmmədovun başçılığı ilə işçi qrup yaradılıb və 21 iyun tarixində ikinci kurs üzrə təhsil alan bütün tələbələrlə görüş keçirilib. Bu qanunsuz hadisənin günahkarlarının cəzalandırılması üçün araşdırmalar davam edir.