Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 23 iyul — Sputnik. “Şəki Xan Sarayının yenidən ziyarətçilər üzünə açılması dövlət strukturları arasında razılaşdırılma prosesindən sonra baş tutacaq". Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında Dövlət Turizm Agentliyinin Mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə deyib. O bildirib ki, razılaşdırılma prosesi bitəndən sonra Şəki Xan Sarayı tam istifadəyə veriləcək.
K. Quluzadə bildirib ki, binanın gələcəkdə təhlükəsizliyinin təmin olunması məsələsi də hazırda müzakirə olunur. Onun sözlərinə görə, ağacların budanması, yanğından mühafizəsinın tarixi abidəyə zərər verməmək şərtilə təşkil edilməsi üzərində düşünülür.
Xatırladaq ki, iyulun 14-də saat 12 radələrində Şəki Xan Sarayı ərazisində 1530-cu ilə aid ağacın təxminən 50 santimetr diametrində olan budağının qəflətən qırılaraq həmin vaxt sarayın həyətində olan turistlərin üzərinə düşməsi nəticəsində 19 nəfər xəsarət alıb. Onlardan 2-si Azərbaycan əsilli Rusiya vətəndaşı, 5-i Suriya vətəndaşı, digərləri isə Azərbaycan vətəndaşlarıdır. Hadisə nəticəsində yaralanan Azərbaycan vətəndaşlarından biri xəstəxanada dünyasını dəyişib.