BAKI, 23 iyul — Sputnik. Bakıda keçirilən Avropa Gənclər Yay Olimpiya Festivalı ilə əlaqədar bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkət istiqaməti günün müəyyən saatlarında dəyişdiriləcək.
Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib. O, qeyd edib ki, velosiped yarışlarının keçirilməsi ilə əlaqədar olaraq iyulun 24-ü və 25-də Azneft dairəsindən başlayaraq Saylan şosesinin 14-cü km-ə qədər, həmçinin Bayıl qəsəbəsi istiqamətində olan küçə və prospektlərdə səhər saat 9:00-dan 13:00-a və 16:00-dan 20:00-a qədər nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq.
Bildirək ki, bu gün saat 16:00-dan 20:00-a qədər Salyan yolunun 14-cü km-dən Bibiheybət məscidinə qədər nəqliyyatın hərəkəti tam məhdudlaşdırılıb.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərdən alternativ yollardan istifadə etməyi xahiş edir.