BAKI, 22 iyul — Sputnik. İyulun 19-dan 22-dək "Olimpiya Gənclər Festivalı 2019" məkanlarında növbətçilik çəkən Təcili Tibbi Yardım briqadalarına ümumilikdə 18 müraciət olub.
Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib. Qeyd olunub ki, çağırışlardan 4-ü Atletlər kəndindən, 4-ü qonaqların qaldığı otellərdən, 3-ü yarışlar keçirilən idman arenalarından daxil olub. Çağırışların digər 2-si Bayraq Meydanı, 3-ü "Crystal Hall", 1-i İdman Akademiyası, 1-i Hövsan qəsəbəsinin Fövqəladə Hallar Nazirliyindən daxil olub. Müraciət edənlərdən 3-ü Kliniki Tibbi Mərkəz, 1-i 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Digər müraciət edənlərə isə elə yerindəcə yardım göstərilib.
Qeyd edək ki, müraciət edənlərdən 4-ü xarici ölkə, digərləri isə Azərbaycan vətəndaşlarıdır.
Bundan başqa, nazirlikdən verilən digər məlumata görə, "Jara" festivalında növbətçilik çəkən Təcili Tibbi Yardım briqadalarına 7 müraciət daxil olub. Müraciət edənlərə yerindəcə yardım göstərilib.