BAKI, 20 iyul — Sputnik. İran hərbçiləri Fars körfəzində Böyük Britaniyaya məxsus "Stena Impero" neft tankerini saxlayıb.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə cümə günü İranın İslam İnqilabı Keşikçiləri Korpusunun bəyanatına istinadən İRNA məlumat yayıb.
Bildirilir ki, tanker beynəlxalq qaydaları pozduğuna görə saxlanılıb və sahilə qədər müşayiət olunub. Hazırda gəmidə lazımi yoxlamalar aparılır.
Öz növbəsində "Reuters" mənbələrinə istinadən xəbər verir ki, Britaniya hökumətinin fövqəladə komitəsi COBRA neft tankerinin saxlanılmasına həsr olunmuş təcili iclas keçirəcək.
Xatırladaq ki, iyulun əvvəlində İrana aid bir neft tankeri Böyük Britaniyanın nəzarətində olan Cəbəlüttariq sahillərində saxlanılıb. Bundan sonra London və Tehran arasında gərginlik artıb.