İradə Cəlilova, Sputnik Azərbaycan
BAKI, 19 iyul — Sputnik. Təhsil naziri Ceyhun Bayramov tədris ilinin 2 həftə uzadılmasını labüd hesab etdiyini bildirib. Söhbət yeni müddətin uzadılmasından deyil, 4 il əvvəl verilən qərardan gedir. Nazirin sözlərinə görə, proqramın 34 həftə üçün nəzərdə tutulması istiqamətində müvafiq tədbirlər görülüb. Yeni yazılan dərsliklər bu müddətə hesablanıb. Müddəti keçməyən kitabların yeniləri ilə əvəz edilməsi üçün də müvafiq metodik göstərişlər hazırlanıb və məktəblərə çatdırılıb.
Dünya təcrübəsinə nəzər saldıqda dünyanın inkişaf etmiş ölkələrində tədris ilinin müxtəlif olduğunu görmək olar.
Məsələn, Yaponiyada tədris ili 3 hissəyə bölünür və aprel ayından başlayır. Birinci rüb iyulun 20-nə qədər davam edir. Sonra böyük yay tətili, sentyabrın 1-dən ikinci rüb başlayır. Şagirdlər qış tətilinə dekabrın 26-da çıxırlar və üçüncü rüb yanvarın 7-si başlayıb, martın 25-nə qədər davam edir.
Finlandiyada tədris ili avqustdan iyuna kimi davam edir.
Böyük Britaniyada isə tədris ili sentyabrda başlayır və hər biri 13 həftədən ibarət olan 3 rübə bölünür. Qış semestri sentyabrdan Yeni ilə qədər davam edir. Avropa ölkələrinin çoxunda, məsələn, Belçika, Makedoniya, Pribaltika ölkələri, Sloveniya, Polşada tədris ili sentyabrın 1-dən başlayır. Finlandiya və İsveçdə isə avqustun 15-dən uşaqlar məktəbə gedirlər.
Almaniyada tədris ilinin başlanması məktəbdən asılı olaraq dəyişir. Burada orta təhsil digər ölkələrdən fərqlənir, ümumi təhsil müddəti də 13 ildir.
Bəs Azərbaycanda tədris ilinin müddətinin artırılması lazımdırmı?
Sputnik Azərbaycan məsələni araşdırıb.
Təhsil eksperti Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Təhsil Nazirliyi dərs müddətini 15 gün uzatmaq istəyirsə, öncədən bunu nə üçün etdiyini elmi əsaslarla sübut etməlidir.
K.Əsədov hesab edir ki, təhsilin səmərə və keyfiyyətinin yüksəldilməsini onun müddətinin uzadılması ilə həll etmək uğurlu variant deyil. Müddət təhsilin keyfiyyəti üçün heç də həmişə əvəzedilməz meyar sayıla bilməz: "Məsələn, bizim 6 yaşlı uşağı məktəbə göndərməyimizə rəğmən, dünya təhsilində nümunə sayılan Finlandiyada uşaqlar məktəbə 7 yaşdan gedirlər və s.".
Ekspertin fikrincə, dünyanın müxtəlif ölkələrində dərs ilinin başlama və başa çatması tarixləri, ənənəvi olaraq, iqlimdən və dərs yükündən asılı olaraq müxtəlifdir: "Məsələn, Rusiyada ənənəvi olaraq 1 sentyabr "Bilik günü"dür. Məktəblilərin tətilə yollandığı tarix isə mayın 25-dir. Gürcüstanda dərs ili sentyabrın 10-dan sonra gələn ilk bazar ertəsi günü başlayır. İranda və Türkiyədə də dərslər sentyabrda başlayıb iyun ayında başa çatır".
Onun sözlərinə görə, beynəlxalq təhsil standartları da günü-gündən ağırlaşır. Ümumiyyətlə, təhsil dialektikasının qanunudur ki, təhsil standartları daim yenilənməlidir.
"Mənə elə gəlir ki, nazirlik bunu nəzərdə tutur. Müşahidə etdiyimiz ölkələrin heç birində sentyabrın 15-də dərs başlamır. Hamıda sentyabrın 1-də başlayır, may ayının 25-də bitir. Məsələ bundadır ki, mövzular məlumdur və elə mövzular var ki, həftədə 2-3 dəfə tədris olunmalıdır ki, keyfiyyətli tədris alınsın. İndi onu həftədə 1 dəfə tədris edirlər ki, keyfiyyətdən söhbət belə gedə bilməz. Beynəlxalq standartlarda dərslərlə bağlı müəyyən tədris zamanı nəzərdə tutulub. Bəzən isə zaman bu standartlara əməl etməyə imkan vermir. Sentyabrın 15-dən başlayan və may ayının sonunda bitən dərs ilində o standartları tətbiq etmək mümkün deyil", - deyə Əsədov vurğulayıb.
Ali və orta təhsil müəssisələrində dərslərin sentyabr ayının 15-də başlaması və iyunun 14-də bitməsinin özünü doğrultmadığını hesab edən ekspert bildirir ki, proqramların mənimsənilməsində yaranmış boşluğu aradan qaldırmaq üçün dərs ilinin 2 həftə uzadılması effekt vermir:
"İki həftə itirilmiş həftədir. 1 sentyabra qayıtmalıyıq. Dünyanın əksər ölkələrində 1 sentyabrla "Bilik günü" assosiasiya olunur. Diqqət edin: təhsil sistemi inkişaf etmiş Yaponiyada dərslər aprelin 1-də başlayır. Sakura çiçək açanda. Görünür ki, onlar bu tarixi seçməkdə yanılmayıblar. Sakura çiçəyi, əlbəttə ki, simvola çevrilib. Biz isə 15 sentyabrı seçməklə çox böyük yanlışlığa yol vermişik. Vaxtilə bizdə də 1 sentyabr "Bilik günü" ilə assosiasiya olunurdu.
"Düşünürəm ki, şagirdlər 9 ay ərzində nələri öyrəniblər ki, bu 15 gündə əlavə olaraq nələrisə də öyrətmək mümkün olsun? Təhsil Nazirliyi təhsil müddətinin uzadılmasının səbəbi kimi illik dərs proqramının keçilməsinin mümkün olmadığını göstərir. Yəni ildə çoxlu tətillərin olması şagirlərə dərs proqramlarının tam keçilməsinə fürsət vermir. Bu baxımdan da, dərs ili 15 gün müddətinə uzadılıb. Mən bunu heç cür qəbul edə bilmirəm. İsti havalarda şagirdlərin psixoloji təzyiq altında hansısa əlavə bilikləri mənimsəyə biləcəkləri fikrindən tam uzağam", - deyə ekspert yekunlaşdırıb.