Kamal Almuradlı, Sputnik Azərbaycan
BAKI, 14 iyul — Sputnik. Sumqayıt teatrının rəhbərliyi tarixində ilk dəfə kollektivdə fərqlənən insanları qiymətləndirmək qərarına gəlib.
Rəhbərlik müxtəlif nominasiyalar üzrə tərtib olunan "Rampa" mükafatının kollektivin yaradıcılıq potensialının artmasına, bütün heyət daxilində sağlam və işgüzar ab-havanın yaranmasına təkan verəcəyini düşünür. Bununla bağlı teatrın direktoru Mübariz Həmidovla əlaqə saxladıq. Teatr rəhbəri xəbəri təsdiq edərək bildirdi ki, təltifetmədə pul nəzərdə tutulmasa da, mükafat və diplom təqdim olunacaq. Səkkiz nominasiya üzrə təqdim ediləcək mükafatı elə teatrda fəaliyyət göstərən səkkiz nəfərlik münsiflər heyəti təyin edəcək.
Nominasiyalar münsiflər heyətinin gizli səsverməsi əsasında müəyyən ediləcək. "Ən yaxşı tamaşa", "Mövsümün ən yaxşı xarakterik obraz ifaçısı", "Mövsümün ən məhsuldar aktyoru", "Mövsümün ən məhsuldar aktrisası", "Mövsümün ən yaxşı texniki işçisi", "Mövsümün ən perspektivli aktyoru", "Teatrın dostu", "Mövsümün ən işgüzar və intizamlı əməkdaşı" nominasiyaları üzrə mükafatlandırma iyul ayının ortalarında keçiriləcək. Mükafat ötən mövsümdə fərqlənən teatr əməkdaşlarına verilməklə hər mövsümün sonunda təqdim ediləcək.
Qeyd edək ki, təsis olunan "Rampa" Milli Teatr Mükafatının təqdimetmə mərasimi iyulun 21-nə nəzərdə tutulub.