BAKI, 14 iyul — Sputnik. Artıq bir neçə aydır ki, Bruklin sakinləri Nyu-Yorkda qəribə zəhlətökən səs-küy eşidirlər. Bu, onların əhval-ruhiyyəsini tamamilə korlayır.
Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, konspirologiya nəzəriyyəsinin həvəskarları bununla son bir neçə ildə Kuba və Çində xidmət edən, sonradan səhhətlərində problemlər yaranan ABŞ diplomatlarının dedikləri arasında paralel aparırlar.
Rayonun bu səsdən əziyyət çəkən 15 sakini artıq müvafiq dövlət idarəsinə şikayət edib. Lakin hakimiyyət orqanları hələ də bu səsin mənbəyini müəyyən edə və onu aradan qaldıra bilməyiblər.
Şəhərdə yayılan bu xoşagəlməz səslər bruklinlilərdə sağlamlıqla bağlı müxtəlif problemlərin yaranmasına səbəb olub. Bəziləri kəskin baş ağrılarından, bəziləri sərxoşluqdan sonrakı süstlük halına bənzəyən vəziyyətdən, üçüncülər isə tənəffüs yollarının təzyiqindən əziyyət çəkdiklərini bildirirlər. Bununla yanaşı, psixoloji vəziyyəti pisləşənlər də var.
Bruklin sakinlərinin sözlərinə görə, bu sirli səsdən onları hətta qapı və pəncərələri bağlamaq da xilas etmir. Konspiroloqlar arasında belə söhbətlər də gəzir ki, hakimiyyət səs silahlarını sınaqdan keçirir və bu səslər də onun nəticəsidir.