BAKI, 11 iyul — Sputnik. Ukrayna Silahlı Qüvvələrinin desant-hücum qoşunlarının komandanı Mixail Zabrodski bildirib ki, ölkə prezidenti Vladimir Zelenskinin qərarına baxmayaraq, Ukraynanın Müstəqillik günü ilə bağlı hərbi parad keçiriləcək. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir.
O, vurğulayıb ki, sosial şəbəkələrdə hərbi parad keçirilməsi ilə bağlı çağırışları görüb.
"Parad – siyasət deyil. Orada iştirak etmək böyük şərəfdir. Parad bizim ölkəmizə və bizim hərbçilərimizə lazımdır. O olacaq!" - deyə Zabrodski bildirib.
Qeyd olunur ki, Zabrodski Pyotr Poroşenkonun "Avropa Həmrəyliyi" partiyasından deputatlığa namizəddir.
Daha əvvəl Ukrayna Ali Radasının spikeri Andrey Parubiy ləğv olunmasına baxmayaraq, hərbçiləri Kiyevdə parad keçirməyə çağırıb.
Xatırladaq ki, Ukrayna prezidenti Vladimir Zelenski hər il avqustun 24-də ölkədə Müstəqillik günü münasibəti ilə keçirilən hərbi paradı ləğv edib.
"Adətən avqustun 24-də, Ukraynanın Müstəqillik günündə bizdə cah-cəlallı və bahalı olmayan hərbi parad keçirilir. Mənə elə gəlir ki, bu il bu paradın əvəzinə bu pulları bizim qəhrəmanlara, hərbçilərə ayırsaq daha yaxşıdır və biz bütün hərbçilərimizə 300 milyon qriven (19925207.31 AZN) ayırmağa qərar verdik", - lider videoda deyib.
Zelenski qeyd edib ki, ödənişləri kursantlar, serjantlar, zabitlər, yəni Donbasda hərbi əməliyyatlar zonasında tapşırıqları yerinə yetirən bütün hərbi qulluqçular alacaqlar. O, əlavə edib ki, avqustun 24-də Kiyev Müstəqillik gününü yeni formatda qeyd edəcək.