BAKI, 11 iyul — Sputnik. İyulun 10-da saat 12 radələrində Bakı-Qazax yolunun 380-ci kilometrliyində - Şəmkir rayonu ərazisində "BMW" markalı avtomobilin sürücüsü yol hərəkəti qaydalarını pozduğu üçün Baş Dövlət Yol Polisi İdarəsinin stasionar postunda ona "Saxla" işarəsi verilib.
Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, nəqliyyat vasitəsinin sahibi tabeçilik göstərməyərək hərəkətə davam edib.
Məlumata görə, Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən həmin avtomobil Könüllü kəndi ərazisində məcburi qaydada dayandırılıb.
Sənədlərini təqdim etmək tələb olunarkən sürücü və sərnişinin şübhəli davranışları, həyəcanlı halda olmaları yol polisi əməkdaşlarının diqqətindən yayınmayıb.
Avtomobilə baxış zamanı onların bu gərginliyinin səbəbi məlum olub.
Belə ki, yük yerinə baxış zamanı oradan "AKM" markalı silah və 1 ədəd patron darağı aşkar edilərək götürülüb.
Nəqliyyat vasitəsinin sürücüsü, Gəncə şəhər sakini A.Hüseynov və sərnişini olan qardaşı H.Hüseynov saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Araşdırma aparılır.