BAKI, 11 iyul — Sputnik. Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi (EASA) "Airbus A380" sərnişin təyyarələrinin qanadlarında çatların yaranması ilə bağlı xəbərdarlıq verib.
Sputnik Azərbaycan xəbər verir ki, bu haqda "EASA"nın yaydığı məlumatda deyilir: "İstifadədə olan "A380" təyyarələrinin qanadlarının arxa lonjeronunun zədələnmiş hissələrində çatların aşkar olunmasına dair məlumat verilib".
Agentlik deyib ki, 2004-2006-cı illərdə istehsal olunan 25 ədəd "A380" təyyarəsi bu riskə məruz qalıb.
Bu təyyarələrin qanadları yoxlanılmalıdır, çünki yarana biləcək çatlar qanadın struktur tamlığını poza bilər.
"EASA" aviaşirkətlərdən xahiş edib ki, hər hansı bir zədə aşkar olunduğu halda təyyarələrin təmiri ilə bağlı təlimat almaq üçün "Airbus"a müraciət etsinlər.