BAKI, 10 iyul — Sputnik. Türkiyəni Rusiyadan "S-400" havadan müdafiə sistemi aldığı üçün sanksiyalarla hədələyən Birləşmiş Ştatlar rəsmən tanımadığı Tayvana 2,2 milyard dollarlıq silah satışına razılıq verib.
Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, Pentaqona bağlı ABŞ Müdafiə Təhlükəsizliyi İşbirliyi Agentliyi (DSCA) ABŞ Dövlət Departamentinə mümkün silah satışlarına razılıq verməsi barədə Konqresi məlumatlandırıb. Tayvan 2,2 milyard dollar qarşılığında 108 ədəd "M1A2T Abrams" tankı və 250 "Stringer" raketi alacaq.
Bundan əlavə, ABŞ bu razılaşma çərçivəsində xeyli sayda silah-sursat, "Hercules" zirehli texnikası və ağır texnika daşıyıcılarını da Tayvana satacaq.
Konqresə göndərilən məlumatda qeyd olunur ki, həyata keçirilməsi planlaşdırılan bu satış Tayvanın müdafiə qabiliyyətini yüksəldəcək, lakin bölgədəki hərbi balansı pozmayacaq.
Birləşmiş Ştatlar rəsmi olaraq tanımamasına baxmayaraq Çinin öz ərazisi, əyaləti olaraq gördüyü Tayvanın əsas silah təchizatçısıdır. ABŞ əsasən Tayvana müdafiə xarakterli silahlar satır.
Satışla bağlı müzakirələrin başlaması üçün Konqresin 30 gün ərzində məsələ ilə bağlı hər hansı bir etirazı olmamalıdır. 30 günün sonunda ABŞ-ın Tayvana təklif məktubu təqdim etməsi ilə satış müzakirələri başlayacaq.