BAKI, 8 iyul — Sputnik. Türkiyənin sabiq baş nazirinin müavini və xarici işlər naziri Əli Babacan qurucularından olduğu Ədalət və İnkişaf Partiyasının (AKP) sıralarından 18 il sonra istefa verdi. Bu barədə Sputnik Türkiyə xəbər verir.
Babacan istefasına dair yazılı açıqlamasında eyni zamanda yeni partiya yaratmaq hazırlıqları ilə bağlı ilk rəsmi məlumatı da paylaşıb.
"Son illərdə bir sıra sahələrdə atılan addımlarla inandığım dəyər və fikirlər arasında dərin fərqliliklər formalaşıb. Bu dönəmdə də Türkiyə yeni sınaqlarla qarşı-qarşıya qaldı. Ölkəmizdə isə parlaq bir gələcək vəd edən, bambaşqa gözləntiləri olan dinamik, yeni nəsillərimiz var. İçərisində olduğumuz şərtlərdə Türkiyə üçün yeni bir gələcək baxışa ehtiyac var. Ölkəmizdə hər sahədə doğru analizlər, yenidən düşünülmüş strategiyalar, planlar, proqramlar mövcuddur. Cəmiyyətin müxtəlif təbəqələri ilə apardığımız məsləhətləşmələr də bunu təsdiqləyir".
Qeyd edək ki, daha əvvəl Türkiyə KİV-də yayılan məlumata görə, Türkiyədə Əhməd Davudoğlunun rəhbərliyi ilə yeni partiya yaradılacaq. Məlumata əsasən, yeni partiyanın yaradılmasında baş nazirin sabiq müavini Əli Babacan da iştirak edəcək.
Partiya yaxın iki ayda yaradılacaq. Partiyanın siyasi istiqaməti barədə məlumat verilmir.
Xatırladaq ki, Əhməd Davudoğlu 2014-cü ilin avqustundan 2016-cı ilin mayına qədər Türkiyənin baş naziri olub. Həmin müddətdə o, həmçinin Ədalət və İnkişaf Partiyasına rəhbərlik edib.