BAKI, 4 iyul — Sputnik. Rusiya Hərbi Dəniz Qüvvələrinə (HDQ) məxsus sualtı aparatda fövqəladə hadisənin baş verməsinə səbəb akkumulyator bölməsində baş verən yanğındır. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu Prezident Vladimir Putinlə görüşü zamanı bildirib.
"Hadisənin baş vermə səbəbi müəyyənləşdirilib. Bu, akkumulyator bölməsində baş verən yanğındır. Daha sonra yanğın müəyyən bir əraziyə yayılıb", - deyə Şoyqu qeyd edib.
O, həmçinin vurğulayıb ki, sualtı aparatda olan nüvə energetika qurğusu izolyasiya olunub. Bundan əlavə, ekipaj üzvləri qurğunun qorunması üzrə bütün lazımi tədbirləri görüblər. Qurğu tamamilə işlək vəziyyətdədir.
Xatırladaq ki, iyulun 1-də Rusiya Müdafiə Nazirliyi hərbi donanmaya məxsus "sualtı aparatda" yanğın baş verdiyini və 14 dənizçinin həlak olduğunu açıqlayıb. Daha sonra üzə çıxıb ki, yanğın Rusiyanın yüksək məxfilik daşıyan "Loşarik" atom sualtı qayığında, Barents dənizində baş verib.