BAKI, 2 iyul — Sputnik. İran Parlamentinin nüvə məsələləri komitəsinin sədri Möctaba Zonnur bəyan edib ki, ABŞ İrana hücum edərsə, Tehran İsraili yarım saat sonra yer üzündən siləcək. Bu barədə Sputnik Azərbaycan "Mehr" agentliyinə istinadən xəbər verir.
"Əgər Birləşmiş Ştatlar bizə hücum etsə, İsrailin yaşaması üçün cəmi yarım saat vaxtı olacaq", - deyə Zonnur qeyd edib.
O, həmçinin bəyan edib ki, ABŞ prezidenti Donald Trampın İrana zərbələri hücuma cəmi 10 dəqiqə qalmış ləğv etməsi barədə bəyanatı "siyasi blefdir".
"Əgər amerikanlar hücumlarının uğurlu olacağını düşünsə idilər, onlar onu ləğv etməzdilər və heç şübhəsiz bu baş verərdi", - deyə Zonnur qeyd edib.
Parlamentari vurğulayıb ki, İranın olduqca effektiv hərbi gücü var. Onun fikrincə, Amerika liderinin müşavirləri anlayırlar ki, İslam Respublikasına hücum məğlubiyyətlə nəticələnəcək.
Zonnur əlavə edib ki, ABŞ-ın regionda olan bütün 36 bazası İranın müşahidəsi altındadır.
Xatırladaq ki, iyunun 20-si İslam İnqilabı Keşikçilər Korpusu bəyan edib ki, İranın cənubunda ABŞ-a məxsus "Global Hawk" uçan pilotsuz kəşfiyyat aparatını vurub.
Məlumata əsasən, insident İranın Hormozqan vilayətində, Kuhə Mubarak rayonunda baş verib. Pilotsuz aparat İranın hava məkanını pozduğu üçün vurulub.
Tehran dronu İranın hava məkanını pozarkən vurduğunu deyib. ABŞ isə dronun Hörmüz körfəzi səmalarında, beynəlxalq hava məkanında vurulduğunu iddia edib.
İnsidentdən bir həftə əvvəl isə Oman körfəzində Hörmüz boğazı yaxınlığında üzən "Kokuka Courageous" və "Front Altair" neft tankerlərində partlayış və yanğın baş verib. İnsidentin səbəbləri aydın olmasa da, ABŞ İranı gəmilərə hücumda günahlandırıb.