BAKI, 3 iyul — Sputnik. Osakada baş tutmuş "G20" sammitində ABŞ Prezidenti Donald Tramp gözlənilməz bəyanat verib: o, "Huawei"ə qarşı tətbiq etdiyi sanksiyaları yaxın günlərdə ləğv edəcəyini bildirib.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, Trampın bu bəyanatı ABŞ konqresində böyük tənqidlə üzləşib.
Geri çəkilmə
Çin lideri Si Tsinpin ilə saat yarım davam etmiş danışıqlar zamanı ABŞ prezidenti deyib ki, texnologiya nəhəngi "Huawei"in üzərinə qoyduğu sanksiyaları ləğv edəcək və Çinə qarşı əlavə ticarət məhdudiyyətləri tətbiq etməyəcək.
"Bizim şirkətlərimiz "Huawei"in avadanlıqlarını sata bilər, – deyə Tramp bildirib. – Sabah və ya çərşənbə axşamı görüş keçiriləcək. Orada "Huawei"in qara siyahıdan çıxarılması müzakirə olunacaq".
Bu xəbərdən sonra "Google Play" xidmətini dəstəkləyən cihazların siyahısına "Honor 20" və "Honor 20 Pro" smartfonları daxil edilib. "Honor" brendi "Huawei"yə məxsusdur.
Bununla yanaşı, "Microsoft" da müharibəyə son qoymağa qərar verib və qadağa altına düşmüş "Huawei MateBook 13", "MateBook" və "MateBook X Pro" noutbuklarını rəsmi satışa qaytarıb.
Lakin ticarət müharibəsində sülhün elan olunmasına ən çox "Apple" sevinir, çünki Çin bu şirkətin əsas istehsal bazasıdır. Bundan başqa, Vaşinqtonun "Huawei"ə qarşı tətbiq etdiyi sanksiyalardan sonra Çində "iPhone"ların boykotu üzrə genişmiqyaslı kampaniya başlayıb və bu smartfonların satışı qəflətən azalıb.
Hələ tezdir...
Bu arada ekspertlər xəbərdar edirlər ki, ticarət müharibəsinin başa çatmasından danışmaq hələ tezdir: danışıqların bərpası yeni bir sazişin bağlanması demək deyil. Həm də Pekinin hansı güzəştlərə gedəcəyi bəlli deyil.
Tramp özü də hər an yenidən fikrini dəyişə bilər və vəd etdiyi kimi, 300 milyard dollar dəyərində Çin mallarına rüsumlar tətbiq edə bilər.
"Troya atı"
Yeri gəlmişkən, ABŞ prezidentinin yeni qərarı artıq konqresin tənqidi ilə üzləşib. Respublikaçı senatorlar Lindsi Qrem və Marko Rubio prezidentə elə onun özünün bundan əvvəl səsləndirdiyi bəyanatını xatırladıblar: Tramp "Huawei" şirkətini Birləşmiş Ştatların milli təhlükəsizliyinə təhdid adlandırırdı.
Respublikaçılar, həmçinin bu sanksiyaların qalması üçün demokratlarla birgə çalışacaqlarını bəyan ediblər.
Lindsi Qrem isə yerli teleproqramlardan birinin efirində deyib ki, "Huawei" boş-boşuna qara siyahıya düşməyib: "Bu şirkət Çin hökumətinə məxsusdur və hərbçilərin ciddi nəzarəti altındadır. Onu texnologiyaların sındırılması, kommersiya sirrinin və digər məlumatların oğurlanması üçün istifadə edə bilərlər".
Hətta Trampın müttəfiqi, Senator Con Barrasso hesab edir ki, "Huawei" ölkədə "Troya atı"na çevriləcək: "Bu vəziyyət məni narahat edir, – deyə Barrasso "ABC" telekanalına deyib. – Düşünürəm ki, onlar bizim milli təhlükəsizliyimizə təhdid yaradır. Mən şəxsən "Huawei"i ölkəyə buraxmazdım".