CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sosial şəbəkələrdə radikal təşkilatlara cəlbetmə daha çox baş verir

© AFP 2023 / Mohammed HUWAISЖенщины-боевики, фото из архива
Женщины-боевики, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Politoloq hesab edir ki, qadınların radikal dini cərəyanlara qoşulması bir çox hallarda maddi imkansızlıqdan irəli gəlir. Bəzənsə onları aldadaraq, pulla şirnikləndirərək öz qlobal torlarına salırlar.

BAKI, 3 iyul - Sputnik. Qadınların radikal dini cərəyanlara qoşulması bir çox hallarda maddi imkansızlıqdan irəli gəlir.
Bu sözləri "Trend” informasiya agentliyinin baş direktorunun müavini, sabiq MTN əməkdaşı, politoloq Arzu Nağıyev qadınların radikal dini şəbəkələrə cəlb edilməsindən danışarkən deyib. 

"Təcrübəmə uyğun olaraq deyə bilərəm ki, qadınların cəlbetmə prosesi ya vətənpərvərlik əsasında olur, ya siyasi ideyalarla bağlı olur, ya onun haqqında nüfuzdan salan məlumatın olur, ya da maddi əsasda olur" – deyən Nağıyev son vaxtlar 13-14 yaşlı qızların vaxtından əvvəl ərə verildiyini və xarici ölkələrə daşındığını qeyd edib.

O bildirib ki, sosial şəbəkələr, eləcə də Rusiyanın "Vkontakte" və "Odnaklassniki"də radikal təşkilatlara cəlbetmə daha çox baş verir. İnsanları əsasən sutkanın üç vaxtında cəlb edirlər: gecə vaxtı (yuxusuz olanda), ac vaxtı və yorğunluq vaxtı. İdmançı kontingentə isə maraq daha çoxdur:

"Məsələn, dünyada yarış zamanı güləşçiyə tatami üzərinə saqqalla çıxmaq qadağandır. Amma güləşçiyə deyirlər ki, sən bunu eləməlisən. Qızlara məcbur edirlər ki, sən artıq məktəbə hicab yox, niqab geyinib getməlisən. Beləliklə, insanı cəmiyyətdən təcrid edirlər. Cəmiyyətdən təcrid ediləndə də, o, tək qalır və tək qalan insanın da beyninə nə desən yeritmək mümkündür".

Qeyd edək ki, son illərdə Azərbaycan qadınları arasında dini meyllər artıb. Bunu heç də sovet dövründə yürüdülən ateizm siyasəti nəticəsində insanların dindən uzaq salınması, dini azadlıqlar verildikdə isə dinə kütləvi qayıdışın baş verməsi ilə izah etmək doğru deyil. Azərbaycanda dinə qayıdış müstəqilliyin ilk illərində təzahür etməyə başlasa da, dinə axın son illərin məhsuludur. Və bu axın daha çox dini şəbəkələrin təbliğatının nəticəsidir, nəinki könüllü və şüurlu yanaşmanın.

Dini radikalizm mövzusu Azərbaycanda son zamanlara qədər elə də populyar olmayıb - Sputnik Azərbaycan
VİDEO
Dini radikalizm mövzusu Azərbaycanda son zamanlara qədər elə də populyar olmayıb

Müstəqilliyin ilk illərindən başlayaraq dini zəmində yaranmış boşluğu doldurmaq üçün bir çox dini şəbəkələrin Azərbaycana paradı başladı. "Hizbullah”, "Sadval”, "Ceyşüllah”, "Meşə Qardaşları” və s.  adlar altında fəaliyyət göstərən separatçı təşkilatlar Azərbaycanda müxtəlif terror aktları təşkil etməklə yanaşı, öz dayaqlarını da yaratmağa müvəffəq olmuşdular. Onlar yerli əhalinin yoxsulluqdan əziyyət çəkən, işsiz, savadsız həssas qrupları arasında çeşidli təbliğati işlər apararaq, onları maddi cəhətdən şirnikləndirərək öz çirkin əməllərinə alət etmişdilər. Bu proses müxtəlif vaxtlarda bəzi maraqlı dövlətlərin ölkəyə ezam etdiyi missionerlərin vasitəsilə də davam etdirilirdi. Müstəqillik illərində Azərbaycanda ən geniş fəaliyyət göstərən təhlükəli dini cərəyanlar arasında xristian konfessiyaların təmsilçiləri də var idi. Bizə misal olaraq "Müqəddəs Kitab tədqiqatçıları", yaxud "Yehovanın şahidləri” adları ilə fəaliyyət göstərən xristian missionerlərin təşkilatını göstərə bilərik. 

Yehovanın Şahidləri özlərini məsihçi adlandırırlar və bildirirlər ki, təlimlərdə və ibadətdə erkən məsihçilərin və ya xristianların yolunu davam etdirirlər. Amma bəzi xristian konfessiyalarının təmsilçilərinin və dinşünasların fikrincə, xristian təlimlərindən o qədər uzaqdır ki, "Yehovanın Şahidlərini” xristian hesab etmək düzgün olmazdı. Əsas onların hansı prinsipləri elan etmələri deyil, nəyi təbliğ etmələri və hansı əməlləri törətməlidir. 

"Trend” informasiya agentliyinin baş direktorunun müavini, sabiq MTN əməkdaşı, politoloq Arzu Nağıyevin sözlərinə görə, "Yehovanın şahidləri” həm qadınlar, həm də kişilər arasında təslimçiliyi təbliğ edirlər.

Sekulyar dövlətçilik və dini radikalizm debatları - Sputnik Azərbaycan
"Azərbaycanda dini radikalizm təhlükəsi var"

"Məsələn,  1993-94-cü illərdə ölkəmizdə missionerlik fəaliyyəti ilə məşğul olan "Yehovanın şahidləri” əsgərə gedən oğlanların baş barmağını kəsirdilər ki, tətiyi çəkmək, düşmənə güllə atmaq olmaz” – deyən Nağıyev buna misal da çəkib. 

"Onlar Azərbaycanda olan tank batalyonlarından birinin rəhbərini öz tərəflərinə çəkmişdilər. Həmin illərdə problemlər çox idi. Onun uşağı xəstələnmişdi. Hara gedirdisə, uşağı müalicə etdirməyə dərman, dərman almağa pul tapa bilmirdi. Bu zaman "Yehovanın şahidləri” onun qapısını döyüb birinci dəfə dərman almağa pul verirlər, ikinci dəfə kitablarını paylayırlar, üçüncü dəfə isə artıq onu öz cəmiyyətlərinə üzv qəbul edirlər. Sonra ondan çox xahiş edrlər ki, toplantılarımıza hərbi formada gəl. O da gedir, onun hərbi formada videolarını, şəkillərini çəkirlər. Bundan sonra tələb elədilər ki, biz sənə kömək eləmişik, indi isə ailəndəki, ətrafındakı qadınları, uşaqları gətir. O da aparmışdı” – deyən Nağıyev ölkəmizdə digər dini cərəyanların da fəaliyyətinə toxunub.  

"Azərbaycanda "Həyatverici lütf katolik kilsəsi”nin nümayəndəliyi fəaliyyət göstərirdi. Onun rəhbərliyi bizim düşmən xalqın nümayəndələrindən idi. Təbii ki, onlar burada yaxşı əməllər törətmək üçün mövcud deyildilər. Məqsəd bizim qadınları, uşaqları ələ keçirmək, öz separatçı əməllərinə alət etmək idi”, - deyə sabiq MTN-çi bildirib. 

Nağıyev həmçinin qeyd edib ki, Azərbaycan qadınlarını, yeniyetmə və gəncləri öz əməllərinə alət edən separatçı dini təşkilatlar arasında "Ceyşüllah” öndə gəlir. Onun sözlərinə görə, bu şəbəkə də Azərbaycanın ağır dövrlərində ən çox qadın, uşaq və gənclər arasına sızmışdı. Bu gün isə Azərbaycan cəmiyyəti onun fəsadlarını görməkdədir. 

Politoloq hesab edir ki, qadınların radikal dini cərəyanlara qoşulması bir çox hallarda maddi imkansızlıqdan irəli gəlir. Bəzənsə onları aldadaraq, pulla şirnikləndirərək öz qlobal torlarına salırlar. Son dövrlərdə isə internet və sosial şəbəkələr vasitəsilə həssas qrupların nümayəndələri ilə söhbətlər aparır, sonra onlara əməkdaşlıq təklif edilir. Onlarla əməkdaşlığa razılıq verməyən qadınları isə öldürəcəkləri, şikəst edəcəkləri ilə hədələyir, internet yazışmaları ilə şantaj edirlər. Odur ki, politoloq, qadınları tanımadıqları insanlarla virtual münasibət qurmaqdan uzaq durmağa çağırıb. 

P.S.Bu yazı "Qadın Liderliyi Uğrunda” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Qadınların radikal dini cərəyanlar barədə maarifləndirilməsi mövzusunda tədbirlərin təşkili” layihəsi çərçivəsində yazılıb.

Xəbər lenti
0