İradə Cəlil, Sputnik Azərbaycan
BAKI, 2 iyul — Sputnik. Hələ may ayında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Bakı şəhər çimərliklərində əhalinin yay istirahətinin təşkili haqqında sərəncam verib.
Sputnik Azərbaycan xəbərinə görə, sərəncamda qeyd edilib ki, ötən ilin çimərlik mövsümü ərəfəsində şəhər çimərliklərində əhalinin və qonaqların səmərəli yay istirahətinin təşkili üzrə bir sıra işlər görülməsinə baxmayaraq, bütünlükdə bu məqsədlə nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsi başa çatdırılmayıb, çimərliklərdə istirahət üçün yetərincə lazımi şərait yaradılmayıb.
Bakı şəhər İcra Hakimiyyətinin müvafiq sərəncamı əsasında ayrı-ayrı fiziki və hüquqi şəxslərin istifadəsinə verilmiş ərazilər daş hasara alınaraq bir növ qapalı zonaya çevrilib. Bir neçə yerdə əsaslı tikinti işləri aparılıb, ötən mövsümdə bəzi sahələrdə heç bir abadlıq, hazırlıq işləri həyata keçirilməyib.
Həmçinin E. Əzizovun imzaladığı sərəncamla Binəqədi, Xəzər, Pirallahı, Sabunçu, Suraxanı və Qaradağ rayonlarının icra hakimiyyətlərinə çimərlik ərazilərin təmizlənməsi, sahilyanı zonanın abadlaşdırılmasl, habelə təmizliyin qorunması, çimərlik zonalarında əhalinin səmərəli istirahəti üçün lazımi şəraitin yaradılması tapşırılıb.
Sərəncamla bir çox qurumların öhdəlikləri müəyyən edilib. Belə ki, sərəncamda Bakı Nəqliyyat Agentliyinə (BNA) ya çimərlik ərazilərində mövsümi marşrut açılmasının təşkilini təmin etmək üçün tədbirlərin görülməsi tapşırılıb.
Çimərlik mövsümünün artıq 15 gündür ki, açılmasına baxmayaraq, hələ heç bir çimərliyə xüsusi mövsümi marşrutlar açılmayıb.
Vətəndaşlar çimərliklərə getmək üçün mövcud marşrutlardan istifadə edir və həmin xətlərin son dayanacağında düşərək, çimərliyə qədər olan məsafəni piyada qət edirlər. Təbii ki, bu da isti havalarda sərnişinlərin narahatlığına səbəb olur.
Məsələn Xəzər, Pirallahı, Suraxanı və Qaradağ rayonlarında olan çimərliklərə gələn vətəndaşlar daha çox problemlərlə qarşılaşır.
Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayevlə əlaqə saxladıq.
O, bildirdi ki, hər il mövsümlə əlaqədar ətraf kənd və qəsəbələrə işləyən müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemi müvafiq olaraq çimərliklərə qədər uzadılır. Bununla bağlı əvvəlcədən təbii olaraq daşıyıcılara da məlumat verilir: "Bu göstəriş artıq verilib yaxın günlərdə icrası tam təmin olunacaq. Məsələn, Pirşağı qəsəbəsində artıq 173 saylı avtobus dəniz kənarına kimi hərəkətini davam etdirməyə başlayıb. Artıq göstəriş verilib. Bu göstərişin həyata keçirilməsi bir neçə gün çəkir. Yaxın günlərdə bütün çimərliklərə müvafiq marşrutlar hərəkət edəcək".