BAKI, 1 iyul — Sputnik. Avropa İttifaqı sammitinin 28 ölkə formatında iclası səkkiz saatlıq fasilədən sonra bu gün öz işini bərpa edir.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, fasilə Avropa Şurası liderləri və sədri Donald Tusk arasındakı ikitərəfli məsləhətləşmələr səbəbindən yaranıb.
Avropa Şurası rəsmilərindən biri jurnalistlərə bildirib ki, Tusk 28 ölkə formatında yeni iclas çağırır.
Tusk sammitin iclasını gecə yarısına bir saat qalmış dayandırıb, çünki onun Osakada Avropa liderləri ilə hazırladığı kompromisli paketin Şərqi Avropa ölkələri və "Avropa Xalq Partiyası"na üzv dövlətlərin liderləri tərəfindən qarşısının alındığı məlum olub.
Ölkə liderləri sammitə bazar günü saat 18:00 radələrində gəliblər. Birinci sessiya 2 saat yarım gecikmə ilə başlayıb, lakin artıq iki saatdan sonra sammit dayandırılıb.