BAKI, 28 iyun — Sputnik. Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında qadın güləşçilərin sonuncu dörd çəkidə medal qarşılaşmalarına start verilib.
Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, öncə 50 kq çəki dərəcəsində mükafatçılar bəlli olublar. Azərbaycan yığmasının lideri Mariya Stadnik qızıl medal uğrunda görüşə çıxıb.
Dünya və yeddiqat Avropa çempionumuz finalda ukraynalı Oksana Livaşla görüşüb. Yarışa 1/4 finaldan başlayıb, polşalı Anna Lukasyak (10:0) və türkiyəli Evin Demirhanla (6:1) qarşılaşmalarda ciddi çətinlik çəkməyən güləşçimiz ardıcıl 3-cü qələbəsini qazanıb.
M.Stadnik ilk dəqiqələrdən üstünlüyə yiyələndiyi görüşdə 7:1 hesabı ilə qalib gəlib. Bununla da təmsilçimiz dörd il əvvəl Bakıda keçirilən Avropa Oyunlarında qazandığı nailiyyəti təkrarlayıb.