BAKI, 27 iyun — Sputnik. Milandakı "San-Siro" stadionunun söküləcəyi xəbəri əməlli-başlı bomba effekti yaradıb.
"Milan" və "İnter" klublarının rəhbərləri yeni stadionun tikilməsində israrlıdırlar. Şəhər meri Sala isə tam fərqli fikirdədir: "Olimpiya Oyunlarının açılışı "Meazza"da olacaq".
Sputnik Azərbaycan "La Gazzetta Dello Sport" nəşrinə istinadən xəbər verir ki, "Milan" klubunun rəhbəri Paolo Skaroninin açıqlaması Cüzeppe Salanı əməlli-başlı özündən çıxarıb. Məsələ ilə bağlı suala sərt cavab verən şəhər meri: "2026-cı ildən tez qeyri-mümkündür", - deyib.
Buna səbəb kimi, C.Sala Milanın Qış Olimpiya Oyunlarına ev sahibliyi edəcəyini göstərib. P.Skaroni və "İnter"in baş direktoru Alessandro Antonello yeni stadion üçün 700 milyon avro xərcləməyə hazır olduqlarını bildiriblər. Layihəyə əsasən, 2022/2023-cü illərdə təhvil verilməsi planlaşdırılan stadion 80 min azarkeş üçün hesablanıb.
Qeyd edək ki, "San-Siro" 1926-cı ilin sentyabrında istifadəyə verilib. 1937-ci ildən "Milan" və "İnter" ev oyunlarını məhz bu stadionda keçirirlər.