BAKI, 27 iyun — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yaponiyada keçiriləcək "G-20" sammiti çərçivəsində ABŞ Prezidenti Donald Trampla baş tutacaq danışıqların uğurla yekunlaşacağına ümid edir.
"Əminəm ki, "G-20" sammiti çərçivəsində Osakada ABŞ prezidenti ilə görüş fikir ayrılıqlarının aradan qaldırılması üçün yol açacaq və əməkdaşlığı artıracaq", - deyə Ərdoğan Yaponiyanın "Nikkei" nəşrinə müsahibəsində bildirib.
"S-400" zenit-raket komplekslərinin Türkiyəyə tədarükünə cavab olaraq ABŞ-ın bu ölkəyə qarşı sanksiyalar tətbiq etmə ehtimalını şərh edən Ərdoğan qeyd edib ki, "S-400"-lər Türkiyəni hava hücumundan müdafiə sahəsində təhdidlərdən qorumağa imkan verəcək: "Bu müqavilənin müzakirəsi zamanı biz texnologiyanın verilməsi və maliyyə tələblərini də nəzərə aldıq. Komplekslərin Türkiyəyə verilməsi iyulda baş tutacaq".
Sputnik Azərbaycan bildirir ki, Ərdoğanın sözlərinə görə, Ankara və Vaşinqton bu məsələnin müzakirəsini davam etdirir: "G-20" sammiti çərçivəsində Trampla bu məsələni detallı müzakirə edəcəyimə ümid edirəm. Əslində Ağ Ev rəsmi Türkiyənin mövqeyi və Ankaranı Rusiya komplekslərini əldə etməyə vadar edən səbəblər barədə aydın məlumatlara malikdir".
Türkiyə prezidenti qeyd edib ki, Ankara Vaşinqtonun narahatlığını aradan qaldırmağa imkan verən bir sıra təşəbbüslərlə çıxış edib: "Biz "S-400"lərlə bağlı ABŞ-Türkiyə işçi qrupunun yaradılmasını da təklif etmişik. Təhdid və təzyiq yolu heç kimə xeyir gətirməyib. Əminəm ki, Rusiya kompleksləri məsələsi Türkiyə və ABŞ strateji əməkdaşlığı və tərəfdaşlığı nəzərə alınaraq həll ediləcək".