Rahim Zakiroğlu, Sputnik Azərbaycan
BAKI, 26 iyun — Sputnik. Masallıda oğurluq edən Yevlax sakini saxlanıldı. Yaşayış evindən pul və qızıl-zinət əşyaları oğurlayan şəxsi Masallı Rayon Polis Şöbəsinin əməkdaşları ələ keçiriblər.
DİN Mətbuat Xidmətinin Lənkəran Regional Qrupundan Sputnik Azərbaycan-ın bölgə müxbirinə verilən məlumata görə, Masallı rayonunun Bədəlan kənd sakini C. Şahbazov Rayon Polis Şöbəsinə müraciət edərək ona məxsus yaşayış evindən 7000 manat dəyərində qızıl zinət əşyaları və 100 manat pulun oğurlandığını bildirib.
Polis əməkdaşları oğurluğu törədən şəxsin Yevlax şəhər sakini İntiqam Mahmudov olduğunu müəyyən ediblər. Oğurladığı qızılların bir qismi İ.Mahmudovun üzərində aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı Masallı Rayon Polis Şöbəsinin istintaq bölməsində araşdırma aparılır.