BAKI, 8 may — Sputnik. Xətai rayonu ərazisində mənzillərdən silsilə oğurluqlar edən şəxs saxlanılıb. Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Xətai Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində əvvəllər məhkum olunmuş paytaxt sakini Emin Cabbarov saxlanılıb. O, ifadəsində Xətaidə 4, Yasamal rayonunda isə 1 mənzildən oğurluq etdiyini bildirib. E.Cabbarov əsasən günorta saatlarında ev sahiblərinin işdə olduğu saatlarda mənzillərdən pul və qızıl-zinət əşyaları oğurlayıb.
Saxlanılan şəxs ifadəsində qeyd edib ki, oğurluqlar zamanı ev sahiblərini şübhələndirməmək üçün məzildə qiymətli əşyalar axtararkən ətrafı dağıtmayıb. Səliqəli şəkildə mənzili axtaran E.Cabbarov pul və qızılı götürəndən sonra hadisə yerlərindən uzaqlaşırmış.
Faktla bağlı Xətai RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Qeyd edək ki, oğurluqlar etməkdə şübhəli bilinən bu şəxsin digər cinayətlərdə iştirak etdikləri də istisna olunmur. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin "102" Zəng Mərkəzinə, Xətai RPİ müraciət edə bilərlər.