BAKI, 26 iyun — Sputnik. Prezident Donald Tramp bəyan edib ki, konqresin razılığı olmadan da İrana qarşı hərbi əməliyyatlar başlaya bilər.
Sputnik Azərbaycan xəbər verir ki, "Hill" nəşrinin Trampla müsahibəsində onun konqresin razılığı olmadan İrana qarşı hərbi əməliyyat başlamaq səlahiyyətinin olub-olmadığına dair suala cavab olaraq ABŞ prezidenti deyib: "Bəli, (belə səlahiyyətlərim – red.) var".
Qeyd edək ki, Tramp bu bəyanatını ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin bir qədər əvvəl səsləndirdiyi fikirlərinə şərh olaraq deyib. Pelosinin fikrincə, Tramp belə əməliyyatları həyata keçirmək üçün Konqresin icazəsini istəməlidir.
Dövlət başçısı onu da deyib ki, onun administrasiyası atdığı addımlarla bağlı Konqresə məlumat verir: "Düşünürəm ki, onlar bunu dəyərləndirir".
O, həmçinin vurğulayıb ki, İrana zərbə endirmək qərarını verməyə "kifayət qədər yaxın" imiş, lakin bunu etməyib.
Dünən Tramp administrasiyası İranın yüksək vəzifəli rəhbərliyinə qarşı sanksiyalar tətbiq etdiyini elan edib.
İyunun 20-i İranın ABŞ-a məxsus pilotsuz uçan aparatı vurmasından sonra Donald Tramp İslam Respublikasına zərbələr endirməyə icazə verib, lakin sonradan əməliyyatı ləğv edib. Bu barədə "New York Times"a ABŞ prezidentinin administrasiyasında olan mənbələr deyiblər.
Qəzet yazır ki, ABŞ iranlı hərbçilər və mülki şəxslər arasında böyük sayda itkilərə yol verməmək üçün zərbələri səhər tezdən (Tehran vaxtı ilə 03:30 radələrində) endirməyi nəzərdə tutubmuş.
Zərbələr bir sıra obyektləri, o cümlədən RLS və raket qurğularını vurmalı idi, lakin əməliyyat ilkin planlaşdırma mərhələsində ləğv olunub.
İslam İnqilabı Keşikçilər Korpusu iyunun 20-si bəyan edib ki, İranın cənubunda ABŞ-a məxsus "Global Hawk" uçan pilotsuz kəşfiyyat aparatını vurub.
Məlumata əsasən, insident İranın Hormozqan vilayətində, Kuhə Mubarak rayonunda baş verib. Pilotsuz aparat İranın hava məkanını pozduğu üçün vurulub.
İnsidentdən bir həftə əvvəl isə Oman körfəzində Hörmüz boğazı yaxınlığında üzən "Kokuka Courageous" və "Front Altair" neft tankerlərində partlayış və yanğın baş verib. İnsidentin səbəbləri aydın olmasa da, ABŞ İranı gəmilərə hücumda günahlandırıb.