BAKI, 21 iyun — Sputnik. İranın ABŞ-a məxsus kəşfiyyat dronunu vurmasından sonra dünyanın böyük aviaşirkətləri Hörmüz boğazının hava məkanında uçuşlar həyata keçirməyəcəklərini bildiriblər.
Sputnik Azərbaycan Anadolu Agentliyinə istinadən xəbər verir ki, Hollandiya Kral Hava Yolları (KLM), Britaniya Hava Yolları, "Air France", "Lufthansa", "Qantas", "United Airlines", "Malaysia Airlines" və "Singapore Airlines" aviaşirkətləri təhlükəsizlik səbəbindən təyyarələrin adı çəkilən ərazidən keçməməsi şərti ilə uçuş istiqamətlərini dəyişiblər.
Qeyd edək ki, iyunun 20-si İslam İnqilabı Keşikçilər Korpusu İranın cənubunda ABŞ-a məxsus "Global Hawk" uçan pilotsuz kəşfiyyat aparatını vurduğunu bəyan edib. Məlumata əsasən, insident İranın Hormozqan vilayətində, Kuhə Mubarak rayonunda baş verib.
Tehran dronu İranın hava məkanını pozarkən vurduğunu deyib. ABŞ isə dronun Hörmüz körfəzi səmalarında, beynəlxalq hava məkanında vurulduğunu iddia edib.