BAKI, 22 iyun — Sputnik. "Əgər Vaşinqton Tehranla münasibətdə aqressiyasını davam etdirərsə, İran amerika pilotsuz aparatlarının kolleksiyasını genişləndirəcək".
Sputnik Azərbaycan "RİA-Novosti"yə istinadən bildirir ki, bunu İslam İnqilabı Keşikçilər Korpusunun hərbi-kosmik qüvvələrinin rəhbəri, general Əmir Əli Hacızadə bəyan edib.
İRNA agentliyinə müsahibəsində general Vaşinqtonun beynəlxalq hüquq normalarına əməl etmədiyini vurğulayıb: "Əlimizdə amerika pilotsuz uçan aparatlarının kolleksiyası var, bu da ona dəlalət edir ki, ABŞ İranın hava sərhədlərini pozub və beynəlxalq hüququ vecinə də almır".
"Əgər bu cür aqressiya davam edərsə, o zaman biz daha bir amerika (hərbi) məhsulunu öz kolleksiyamıza əlavə edəcəyik", - Hacızadə bildirib.
İyunun 20-də İslam İnqilabı Keşikçilər Korpusu bəyan edib ki, İranın cənubunda ABŞ-a məxsus "Global Hawk" uçan pilotsuz kəşfiyyat aparatını vurub.
Tehran dronu İranın hava məkanını pozarkən vurduğunu deyib. ABŞ isə dronun Hörmüz körfəzi səmalarında, beynəlxalq hava məkanında vurulduğunu iddia edib.
İnsidentdən bir həftə əvvəl isə Oman körfəzində Hörmüz boğazı yaxınlığında üzən "Kokuka Courageous" və "Front Altair" neft tankerlərində partlayış və yanğın baş verib. İnsidentin səbəbləri aydın olmasa da, ABŞ İranı gəmilərə hücumda günahlandırıb.