BAKI, 21 iyun — Sputnik. Minskdə keçiriləcək İkinci Avropa Oyunları çərçivəsində Azərbaycan Mədəniyyəti və Ənənələri Günü qeyd olunub.
Sputnik Belarus xəbər verir ki, qonaqlar İdman Sarayının yanında təşkil olunmuş fan-zonada keçirilən tədbirə saatlar əvvəl gəlməyə başlayıblar, onların çoxunun əlində isə artıq çay və şirniyyat olub.
Nar simvolu
Tədbir zamanı fan-zonada açılmış pavilyonda qonaqlara dadlı yeməklər təklif olunub.
"Azərbaycanın Astara çayını, şirniyyatını qonaqlara paylayırıq. Narı isə yarmışıq – Birinci Avropa Oyunlarında olduğu kimi, bu, bir simvoldur", - tədbirin təşkilatçılarından biri deyib.
Fan-zonada Bakının keçirdiyi Avropa Oyunları haqqında fotosərgi də təşkil olunub. Fotoşəkillərin yanında isə milli alətlərdən və çaxırdan ibarət installyasiya quraşdırılıb.
Elə burada Sputnik Belarus-un müxbiri Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə ilə qarşılaşıb.
"Minsk əla şəhərdir, - Hüseynzadə deyib. - Biz böyük məmnuniyyətlə estafeti sizə verdik və əminik ki, Belarus bu vəzifənin öhdəsindən gələcək, Oyunları, prezidentinizin də söz verdiyi kimi, ən yüksək səviyyədə və həm də səmimiliklə keçirəcək. Düşünürəm ki, Oyunlar maraqlı olacaq, Avropanın bu Oyunlarda marağı var".
MOK rəsmisi bildirib ki, ən vacibi - idmançıların bir yerdə toplaşması və yarışların keçirilməsidir.
Daha sonra tədbir start götürüb.
Minskin mərkəzində ləzgihəngi
Fan-zonanın əsas səhnəsində quraşdırılmış ekranlarda Azərbaycanın mənzərələri, sonra isə Birinci Avropa Oyunlarından görüntülər nümayiş etdirilib.
Sonra isə səhnəyə çıxan Çingiz Hüseynzadə qonaqlara Azərbaycan Gününə gəldiklərinə görə təşəkkür edib.
Daha sonra Belarusda tanınmış müğənni Ruslan Aslanov Azərbaycanın Mədəniyyət və Ənənə Gününün başladığını bildirərək, "Nəlbəki" milli rəqsini ifa edən qadın kollektivini səhnəyə dəvət edib. Onların ardınca isə gənc rəqqaslar qaynar ləzgihəngi rəqsi ilə qonaqları sevindiriblər.
Ruslan Aslanov da səhnəyə çıxaraq bir neçə mahnı oxuyub.
Ulduzlu hədiyyə
Lakin Minsk sakinləri və qonaqları üçün əsl hədiyyə tanınmış müğənni və Oyunların ulduz səfiri Tünzalə Ağayevanın tədbirdə çıxışı olub.
Tünzalə Ağayevanın Minskdə ilk çıxışına yüzlərlə şəhər sakini və qonaqlar gəlib.
Onun parlaq şousu ilə Azərbaycan Mədəniyyəti və Ənənələri Gününə yekun vurulub. Bu cür mədəniyyət və ənənə günləri Minskin idman sarayının yanında təşkil olunmuş fan-zonada hər gün keçiriləcək.