Xalid Məmmədov, Sputnik Azərbaycan
BAKI, 20 iyun — Sputnik. "Azərbaycanda POS-terminalların məcburi olması ilə yanaşı, bunlardan istifadə edilməməsinə görə də ayrıca proseduralar müəyyənləşməlidir".
Bunu iqtisadçı-ekspert Vüqar Bayramov Sputnik Azərbaycan-a deyib.
Ekspert bildirib ki, POS-terminaldan istifadə vacibdir: "Ölkəyə gələn turistlərin çoxu POS-terminaldan istifadə etməkdə maraqlıdır. Xüsusən turizmin inkişafı prioritet olduğuna görə bu sahənin inkişafını dəstəkləyən POS-terminallardan daha geniş istifadə edilməsinə ehtiyac var. Aparılan monitorinqlər göstərir ki, ölkədə bir sıra hallarda həm vətəndaşlar, həm də turistlər plastik kartlardan istifadədə çətinlik çəkirlər. Turizmin inkişafı baxımından POS-terminalların istifadəsinin genişləndirilməsinə ehtiyac var".
Onun sözlərinə görə, digər tərəfdən, POS-terminallardan istifadə nağdsız hesablaşmaların genişləndirilməsi, şəffaflığın artırılması, vergidən yayınmanın qarşısının alınması baxımından vacibdir: "Eyni zamanda, vətəndaş bir istehlakçı olaraq POS-terminal olan yerlərdə plastik kartından istifadə etmək imkanına malik olmalıdır. Amma təəssüf ki, nəinki kiçik və orta xidmət və ictimai iaşə müəssisələrində, bəzi hallarda hətta iri obyektlərdə belə POS-terminallardan istifadə olunması problemlidir".
İqtisadçı deyib ki, vətəndaş plastik kartı təqdim edir, amma çox təəssüf ki, qarşı tərəf bununla əməliyyat aparmaqda maraqlı olmur: "Ona görə də qanunvericiliyə dəyişiklik edilməsini təklif edirik. Qanunvericiliyə dəyişiklik edilməsi və qanunvericilikdə POS-terminaldan istifadənin məcburi olmasına ehtiyac var. Baxmayaraq ki, qanunvericilikdə POS-terminaldan istifadə məcburidir. Amma POS-terminaldan istifadə edilmədiyi halda praktiki olaraq hansısa cərimə yoxdur. Ona görə də qanunvericiliyin təkmilləşdirilməsi çox vacibdir. Çünki istehlak hüquqları baxımından POS-terminaldan istifadə edilməsinə ehtiyac var. POS-terminalların məcburi olması ilə yanaşı, bunlardan istifadə edilməməsinə görə də ayrıca proseduralar müəyyənləşməlidir".
Onun fikrincə, bu sahədə monitorinqlər davam etdirilməlidir: "Çünki POS-terminalın quraşdırılması onun istifadə edilməsi anlamına gəlmir. Yalnız POS-terminalın quraşdırılmasına deyil, bundan istifadə olunmasına da nəzarətin gücləndirilməsinə ehtiyac var. Praktiki olaraq quraşdırılmış POS-terminallardan istifadə ilə bağlı nəzarətin gücləndirilməsi çox vacibdir. Müvafiq qurumlar və xüsusən də Vergilər Nazirliyi bu istiqamətdə monitorinqləri gücləndirməklə, eləcə də qanunvericiliyi təkmilləşdirməklə problemin həlli ilə bağlı addımlar atıla bilər".
Qeyd edək ki, bu yaxınlarda parlamentin sədri Oqtay Əsədov POS-terminalların işləməməsindən şikayətlənib. O.Əsədov Vergilər naziri Mikayıl Cabbarova müraciət edərək POS-terminalların fəaliyyəti haqqında bir qərar fikirləşməyin lazım olduğunu deyib.
"Hər cür şərait qurulub. Belə olan halda, POS-terminallar niyə işləməli deyil? Deputatların 30-40 faizi şikayət edir ki, nə edək, POS-terminallar işləmir? Əməkhaqqını kartla alırıq, gərək hər dəfə kartdan pul çıxaraq? Xahiş edirəm ki, bu məsələni diqqətdə saxlayın" - deyə Milli Məclisin sədri bildirib.
Vergilər nazirinin müavini Sahib Ələkbərov deyib ki, Azərbaycanda fəaliyyət göstərən POS-terminalların sayı azalaraq 80 mindən 67 minə düşüb: "Milli Məclisdə POS-terminalların işləməməsi ilə bağlı məsələ qaldırıldı. POS-terminallar ölkədə 10 ildən artıqdır tətbiq olunmağa başlayıb. Ölkədə POS-terminalların və kartların sayı kifayət qədərdir, amma bunlar işləmir. Ölkəmizə gələn turistlərin sayı artır. Amma onlar POS-terminalları görməyəndə pul xərcləyə bilmir. Biz artıq beynəlxalq tədbirlər keçirən ölkəyik. Nə üçün bu problemlər olmalıdır? Bu çatışmazlığı qısa müddətdə həll etməliyik".