Nigar Məhərrəm, Sputnik Azərbaycan
BAKI, 19 iyun — Sputnik. "Bu gün səhiyyə xərcləri 3 trilyona yaxın olan ABŞ-da da insanlar səhiyyədən tam məmnun deyillər. Bu ölkədə milyonlarla insanın hələ də səhiyyəyə çıxışı yoxdur. Bunun da səbəbi onların tibbi sığortasının olmaması ilə əlaqədardır. Ümumiyyətlə, son 15 ildə Azərbaycan səhiyyəsində görülən işlərlə bağlı müəyyən rəqəmləri açıqlamaq istəyirəm. 2003-cü ildən etibarən Azərbaycanın səhiyyə büdcəsi artıb. Ötən ilə qədər 12.5 dəfə artım qeydə alınıb". Sputnik Azərbaycan-ın xəbərinə görə, Səhiyyə nazirinin müavini Elsevər Ağayev bu barədə Sumqayıtda Gənclərin Dayanıqlı İnkişaf Məqsədləri mövzusunda təşkil olunan konfransda çıxışı zamanı deyib.
O, tibbi sığorta ilə əlaqədar olaraq büdcə artımlarından da söz açıb: "Tibbi sığortanın ilə əlaqədar olaraq büdcə 40 faizdən çox artırılıb. Artıq ölkəmizdə 2003-cü illə müqayisədə bu artım 18 dəfəyə yaxın olub. Lakin bununla belə səhiyyənin imkanlarının yaxşı olması haqda danışmaq hələ ki, tezdir. Hər şeyin yaxşı olduğun söyləmiş olsaydıq, o zaman belə sual ortaya çıxardı ki, hər şey yaxşıdırsa, o zaman bu islahatlar nə üçündür, niyə tibbi sığortaya keçirilir. Çünki biz dünya səhiyyəsinə inteqrasiya edirik, dünyada olan səhiyyə yenilikləri ölkəmizdə də tətbiq olunur".
"Təkcə ötən ildə tibbi xidmətə görə müraciət edənlərin sayı haqda məlumat verim. Ambulator xidmətə isə 49 milyon müraciət daxil olub. 727 min insan isə stasionar müalicəyə qəbul olunub ki, onların da 280 mini müxtəlif əməliyyatlarla nəticələnib", – deyə E.Ağayev vurğulayıb.
Nazir müavini 15 ildə tikilən, yenidən qurulan müəssisələr haqda da məlumat verib: "15 il müddətində 670 dən artıq tibb müəssisəsi ya əsaslı sürətdə qurulub, ya da yenidən tikilib. Ölkə rəhbəri il ərzində təxminən 4-8 tibbi müəssisənin açılışında iştirak edir. Bu il ərzində isə ölkə başçısı artıq 3 belə müəssisənin açılışına qatılıb. Yaxın günlərdə isə daha bir neçə tibbi müəssisənin açılışı gözlənilir. Sevindirici haldır ki, 670-dən artıq tibbi müəssisənin 470-i regionların payına düşür".
O, icbari tibbi sığorta ilə bağlı da məlumat verib: "1999-cu ildə ölkəmizdə icbari tibbi sığorta ilə bağlı qanun qəbul olunub. Lakin 2007-ci ildən etibarən onun fəaliyyətinə başlanılıb. Lakin proseslərin ləngiməsi ilə bağlı sual verdikdə qeyd edə bilərəm ki, bunun üçün ilk növbədə maddi texniki baza yaradılmalı idi. Lakin artıq bugünkü şərait tibbi sığortanın tətbiqinə imkan verir".
E.Ağayev bu illər ərzində qəbul olunan dövlət proqramları haqda da məlumat verib: "Ana və uşaqlara göstərilən xidmət"lə əlaqədar olan dövlət proqramını da buna misal olaraq çəkmək olar. Dayanıqlı İnkişaf Məqsədlərinin əsas hədəflərindən biri də ana və uşaq ölümlərinin azalmasına yönəldilib. 15 il ərzində ana ölümü 18.5-dən 12.7-yə enib. Körpə ölümü isə 15.5 11.1-ə endirilib. DİM-də ana ölümü ilə bağlı göstəricilərin 70-dən aşağı salınması əsas hədəflərdən biridir. Ölkəmizdə isə bu rəqəm 13-dür. Lakin bütün bu rəqəmlərin əldə olunması o demək deyil ki, bununla kifayətlənməyik. Sadəcə olaraq çalışmalıyıq ki, ana və körpə ölümü ümumiyyətlə qeydə alınmasın. Bu rəqəmlər nə qədər azalsa da, dünyanın statistik rəqəmləri ilə müqayisədə biz müəyyən nəticələrdə geri qalırıq. Bu səbəbdən də həmin nəticələrin yaxşılaşdırılması istiqamətində fəaliyyətimizi davam etdirməliyik".
Tədbir iştirakçısı hemodializ mərkəzləri haqda da məlumat verib: "10 il əvvəl Bakıda 1 yaxud da 2 yerdə hemodializli xəstələrə xidmət göstərən mərkəz vardı. Lakin artıq respublikada belə mərkəzlərin sayı 44-ə çatdırılıb. Sevindirici hallardan biri də budur ki, həmin müəssisələrin yarısından çoxu regionlarda yerləşir".
"Son illər ərzində vərəmli xəstələrin sayı 100 min əhaliyə 48-dən 38-ə endirilib. Lakin bu göstəricilər də bizi qane etmir. Əfsuslar olsun ki, bu rəqəm hələ də yüksək olaraq qalır", – deyə E.Ağayev əlavə edib.
Nazir müavini qeydiyyatda olan şəkər xəstələrinin də sayını açıqlayıb: "15 il öncə respublika üzrə qeydiyyatda olan şəkər xəstələrinin sayı 40-42 min arası idisə, ötən ilin sonunda bu rəqəm 155 mindən çoxdur. Xəstələrin qeydiyyatındakı artım isə dövlətin diqqət və qayğısı ilə əlaqədardır. Çünki bu xəstələr dövlət tərəfindən pulsuz olaraq müəyyən vasitələr, preparatlarla təmin edilir".
"Sovet dövründə 70 minə yaxın çarpayı vardı ki, indi onların 30 min 600-ə qədəri, lazımsız olanları ixtisar olunub. Səhiyyə sahəsində islahatlar davam etdirilir. Bundan sonra da lazım olmayan müəssisələrin forması dəyişdiriləcək, yaxud da bağlanacaq", – deyə E.Ağayev əlavə edib.