“Minskə 82 idmançı ilə yollanırıq. Bizim üçün bu yarış ənənəyə çevrilib. Çünki bu yarışların ilk təməlini məhz Azərbaycan qoyub. İndi növbə Belarusdadır”. Sputnik Azərbaycan xəbər verir ki, bu fikirləri Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov deyib.
“Əminəm ki, komandamız bu yarışlara yaxşı hazırlaşıb. Çünki II Avropa Oyunları 2020-ci ildə Tokioda keçiriləcək XXXII Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyacaq. Ona görə rəqabət baxımından bu yarış böyük önəm kəsb edir. Olimpiya Oyunları, Avropa Oyunları hər zaman sürprizlərlə doludur. Ümid edirəm ki, Azərbaycan idmanın hər növündə qızıl medallar əldə edəcək. Bu, hər bir idmançımızın vəzifəsidir”.
Xatırladaq ki, iyunun 21-dən 30-dək idmançılar Belarusda 200 medal dəsti uğrunda yarışacaqlar. I Avropa Oyunları 2015-ci il iyunun 12-dən 28-dək Azərbaycanın paytaxtında keçirilib.
Fərid Mansurovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz