BAKI, 12 iyun — Sputnik. Qazaxıstanda keçirilmiş seçkilərin qalibi Qasım-Jomart Tokayev bu gün respublika prezidenti kimi and içib.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bu gündən Tokayev dövlət başçısı vəzifəsini yerinə yetirməyə başlayıb.
Tokayev Qazaxıstan xalqına sədaqətlə xidmət edəcəyinə, ölkə konstitusiyasına və qanunlarına ciddi riayət edəcəyinə, vətəndaşların hüquq və azadlıqlarını təmin edəcəyinə və Qazaxıstan Respublikasının Prezidentinin vəzifələrini vicdanla yerinə yetirəcəyinə and içib.
Qazaxıstanda sayca altıncı prezident seçkiləri iyunun 9-da keçirilib. Mərkəzi Seçki Komitəsinin məlumatına görə, seçkilərdə Nur Otan partiyasının namizədi olan Tokayev 70,96% səslə qələbə çalıb. Ölkənin ilk Prezidenti Nursultan Nazarbayev Nur Otan partiyasının sədridir.