BAKI, 4 iyun — Sputnik. "Bizim əldə etdiyimiz razılaşma var, qərarlıyıq. Buradan geri addım atmaq kimi bir şey gündəmdə deyil". Sputnik Türkiyə xəbər verir ki, bu sözləri Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan bayram namazından sonra jurnalistlərə açıqlamasında bildirib.
Ərdoğan qeyd edib ki, əgər Rusiya kimi səmərəli təklif gələrsə, Türkiyə "Patriot"larla bağlı da addım ata bilər: “Bunu da amerikalıların özlərinə də dedik. Lakin "Patriot"larla bağlı bizə çox təəssüflər olsun ki, ABŞ tərəfindən bizə belə bir təklif gəlməyib. Hazırda beynəlxalq ticarətdə qalib-qalib (Win-Win) anlayışı var. Bu olmadığı təqdirdə isə biz hər hansı bir şeyi də almaya nə məcburuq, nə də məhkum".
Qeyd edək ki, Vaşinqton rəhbərliyi Türkiyənin Rusiyadan aldığı "S-400" hava hücumundan müdafiə zenit raket komplekslərinin "F-35" qırıcıları üçün təhlükə yaradacağını düşünür.
Pentaqon Rusiya istehsalı olan "S-400"lərin radar sisteminin "F-35"-lərin gizli məlumatlarını ələ keçirəcəyindən ehtiyat edir.
Xatırladaq ki, mayın 23-də ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Morqan Ortaqus bildirib ki, rəsmi Vaşinqton Ankaranı Rusiya istehsalı olan "S-400" zenit-raket komplekslərinin "ciddi mənfi nəticələrinin olacağı" barədə xəbərdarlıq edib.
O, əlavə edib ki, "S-400" zenit-raket komplekslərinin alınması Türkiyənin ABŞ və NATO ilə müdafiə sahəsində münasibətlərinə ciddi təsir edəcək.
Qeyd edək ki, mayın 22-də ABŞ-ın "CNBC" telekanalı öz mənbələrinə istinadən məlumat yayıb ki, Birləşmiş Ştatlar Türkiyəyə "S-400" zenit-raketləri ilə bağlı ultimatum verib. Bildirilir ki, Ankara iki həftə ərzində Moskva ilə sövdələşməni pozmalı və Amerikanın "Patriot" raket əleyhinə müdafiə sistemlərini almalıdır. Əks təqdirdə ABŞ Türkiyəni "F-35" proqramından çıxaracaq.
Amerika hökuməti Türkiyəni vəd olunmuş yüzlərlə qırıcıdan məhrum etməklə yanaşı, ona qarşı sanksiyalar tətbiq etməklə də hədələyib. Eyni zamanda bu, NATO tərəfindən də "reaksiyaya" səbəb ola bilər.