BAKI, 1 iyun — Sputnik. Tramp administrasiyası İranın neft-kimya sənayesinə qarşı daha sərt sanksiyaların tətbiqini təxirə salıb. Sputnik Azərbaycan xəbər verir ki, bunu Wall Street Journal-a məlumatlı mənbələr deyib.
Məlumata görə, ABŞ-ın Maliyyə Nazirliyi mayın ortalarında İrana qarşı yeni sanksiyaların tətbiqini planlaşdırırmış.
Sanksiyaların təxirə salınmasına baxmayaraq, ABŞ Maliyyə Nazirliyi bildirib ki, gələcəkdə yeni məhdudlaşdırıcı tədbirlərdən imtina etmək niyyətində deyil.
Yeni sanksiyaların İranın konkret neft-kimya şirkətlərinə qarşı tətbiq olunması nəzərdə tutulubmuş.
Məlumatda həmçinin qeyd olunur ki, faktiki olaraq İranın neft-kimya sənayesinə qarşı artıq bir neçə məhdudlaşdırıcı tədbirlər görülüb. Bir sıra neft-kimya məhsullarının, o cümlədən ammonyak, metanol və karbamidin satışına qadağa mövcuddur.
Son ay ərzində ABŞ və İran arasında münasibətlərin daha da pisləşməsi fonunda Vaşinqton İslam Respublikasının iqtisadiyyatının əsas sahələrinə qarşı yeni sanksiyalar tətbiq edib.